Əşyaları hara qoyduğunu, nə edəcəyini, hətta evdən niyə çıxdığını, hansı işin ardınca getməli olduğunu unudan insanlar çoxalıb. İnsanların böyük əksəriyyəti son dönəmlər hafizə itkisi, unutqanlıq sindromuna tutulub. Ən çox yaddan çıxan da məhz açarlardır. Evin, avtomobilinin, iş otağının açarlarını tez-tez itirənlər, əslində isə onları hara qoyduqlarını unudanlar bundan çox əsəbiləşir, həyəcan keçirir, hirslənirlər. Alimlər isə sübut edir ki, bu, bir xəstəlik, qocalıq əlaməti isə heç deyil.
“Sherg.az” “tr.mashable.com”a istinadən bildirir ki, Kembric Universitetindən professor Jon Simons insanları bu əziyyətdən xilas etmək üçün “hafizə hiyləsi” adlı üsul təqdim edib. Alimin fikrincə, bir insanın davamlı açarları “itirməsi”, onları hara qoyduğunu “unutması”, yaddaş itkisi deyil, yaddaşın bu əşyanın adını arxa plana keçirməsidir. Bu ona görə baş verir ki, insan davamlı olaraq açar və ya konkret hər hansı başqa bir əşya, hal, hərəkət barədə düşünür. Nəyisə davamlı düşünmək, onun beyin tərəfindən geri çağırılmasını çətinləşdirir. Zatən bu əşya və ya hadisə daim öndədir, insansa həyəcan səbəbindən onu unutduğunu sanır və yada salmağa çalışır. Bu əşya və ya hadisə beynin yaddaş hissəsində olmadığından çağırışa cavab gəlmir. Çünki o, zatən öndədir. Yaddaşdan çıxmayıb ki yaddaşa qayıtsın. Amma diqqət etsək görərik ki, həmin əşya və ya hadisə, tutalım kiminsə adını unutduğumuzu sanıb onu xatırlamaqdan və ya axtarmaqdan vaz keçdikdə, qarşımıza çıxır, harada olduğu yada düşür. Professor J.Simons bunu “hafizə hiyləsi” adlandırır. Və məsləhət görür ki, insanlar daim düşündükləri şeylər barədə düşünməkdən vaz keçsələr yaxşıdır. Professor bu haqda “Rosebud” adlı podcast proqramında danışıb. Bildirib ki, bir şeyi unutduqda ciddi-cəhdlə onu xatırlamağa çalışmaq yanlışdır. Sakitləşmək, rahatca əyləşib tamamilə başqa şeylər, məsələlər barədə düşünmək lazımdır. Yalnız bu zaman bayaqdan israrla yada salmaq istədiyimiz anidən yada düşəcək. Proqramda iştirak edən yazar Gyles Brandreth isə həyat yoldaşı ilə söhbət edərkən birdən-birə yaxın dostlarından birinin sevgilisinin adını ikisinin də xatırlamasına təəccübləndiklərindən danışıb. Halbuki bu, 55 il əvvələ aid bir hadisədir. Professor J.Simons deyib ki, bu fenomen dilimizin ucunda hiss etdiyimiz, varlığını bildiyimiz, amma tam olaraq xatırlamadığımız, hər birimizin zaman-zaman qarşılaşdığımız geniş yayılmış bir hissdir. Bu, həmin hadisənin beynimizin müəyyən hissəsinə yazıldığını göstərir. Amma biz onu böyük cəhd göstərərək xatırlamağa çalışdığımız an, o, yaddaşa gəlmir. Çünki beyin bu çağırışa cavab vermir. Beyni zorlamaq lazım deyil, o, nəyi nə zaman xatırlatmağı yaxşı bilir.