Evləri sökülən və ya söküləcək sakinlərə ödənilməli olan kompensasiya məbləğinə də yenidən baxılmalıdır
Bakının Yasamal rayonu ərazisində sökülməsi planlaşdırılan fərdi evlərin yerində yeni yaşayış binaları deyil, park salınacaq. Bu barədə BAKU.WS-də məlumat verilib. Qeyd edilir ki, budəfəki söküntü işləri “Təzəpir” məscidi ətrafında yerləşən Nizami və Lev Tolstoy küçələrindəki fərdi evləri əhatə edəcək. Adıçəkilən küçələrdə yaşayış fondunun inventarizasiyasına başlanılıb. Proses başa çatdıqdan sonra söküləcək fərdi yaşayış evlərinin dəqiq sayı müəyyənləşəcək. Yasamal rayonunda yerləşən 199 saylı orta məktəbin yanından başlayaraq, Baş Prokurorluğun binasının arxa hissəsinə kimi ərazidə yerləşən fərdi evlərin siyahıyaalınma prosesinə start verilib. İnventarizasiya prosesi başa çatdıqdan sonra evlərin hissə-hissə söküntü mərhələsinə gələn ildən etibarən başlanılacaq. Ərazidə park salınması nəzərdə tutulduğu üçün heç bir yaşayış binası inşa olunmayacaq. Yaşayış evləri söküləcək vətəndaşlara minimum 2 min manat kompensasiya verilməsi nəzərdə tutulub. Evlərin qiymətinin sabit olmadığını nəzərə alsaq, bu məbləğ daha yüksək ola bilər. Kompensasiyanın dəqiq məbləğini Maliyyə Nazirliyi müəyyənləşdirəcək. Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da sökülən binalarla bağlı kompensasiya məsələsinə toxunaraq bu məsələnin Maliyyə Nazirliyi tərəfindən tənzimləndiyini və prosesin bazar qiymətləri əsasında aparıldığını bildirmişdi. Bakıda siyahıya alınan 130 binadan 65-i ilə bağlı sənədlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub. Hazırda komitə digər yerli qurumlarla birgə inventarlaşdırma işləri aparır. Bu binaların sakinləri mənzillərin müqabilində kompensasiya alaraq evlərini tərk edəcəklər. "Böyük Bakının Regional İnkişaf Planı"na əsasən, ilkin mərhələdə söküləcək binalar Binəqədi, Xətai, Nizami, Nəsimi, Sabunçu və Səbail rayonlarında yerləşir. İnventarlaşdırma işləri başa çatan kimi Nazirlər Kabinetinin qərarı açıqlanacaq. Bu qərardan sonra ən qısa zamanda, hətta il ərzində binaların sökülməsi və əhalinin də köçürülməsi nəzərdə tutulub. Bununla bağlı Nazirlər Kabineti tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumlarla birgə işçi qrupu yaradılıb. Evləri plana düşən sakinlərə kompensasiya məbləği ilə bağlı yekun qərar da açıqlanacaq. Buna qədər plana düşən evlərin sahiblərinə hər kvadratmetrinə görə 2 min manat civarında kompensasiya verilirdi. Nazirlər Kabinetinin verəcəyi qərara uyğun olaraq kompensasiyanın məbləği məlum olacaq. Bu məsələdə binaların hansı ərazidə yerləşməsi də nəzərə alınacaq. İkinci mərhələdə Bakı şəhəri üzrə 60-dan çox binanın da sökülərək yerində yeni binaların tikiləcəyi gözlənilir. Hazırda yeni tikiləcək binalarla bağlı tikinti şirkətləri ilə bağlı danışıqlar aparılır.
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Sherg.az"a açıqlamasında qeyd etdi ki, daşınmaz əmlak bazarında ciddi qiymət artımı olduğu üçün evləri sökülən və ya söküləcək sakinlərə ödənilməli olan kompensasiya məbləğinə də yenidən baxılmalıdır:
- Paytaxtda söküntü işləri 2 formada aparılır. Bir, dövlət tərəfindən, bir də özəl şirkətlər tərəfindən. Torpaqların dövlət ehtiyacları üçün satın alınması zamanı hər hansı yaşayış binasının, qeyri-yaşayış obyektinin sökülməsi, sakinlərin köçürülməsi zərurəti yarandıqda qiymətləndirmə qanuna müvafiq şəkildə aparılır və sakinlərə kompensasiya ödənilir. Dövlət satınalmaları haqqında qanuna görə qiymətləndirmə bazar qiymətləri il aparılır. Sakinlərə təyin olunan kompensasiyaya, üstəlik, 20 faiz də əlavə kompensasiya ödənilir ki, məsələn, şəhərin mərkəzi hissələrində mənzil sahibi olmuş sakin yenə də mərkəzi hissədə mənzil ala bilsin. Elə bir məbləğ olsun ki, mərkəzdə mənzil almağa yetsin. Qanunda belədir.
E.Fərzəliyev qeyd etdi ki, haradakı köhnə evlər sökülür, həmin ərazidə park salınır, bu, torpağın dövlət ehtiyacları üçün satın alındığını göstərir:
- Cənab Prezident dəfələrlə vurğulayıb ki, şəhər sakinlərinin istirahətinin təşkili önəmli məsələdir. Füzuli, Şəmsi Bədəlbəyli küçələrində (keçmiş Basin), köhnə fərdi evlər söküldü, yerində Qış parkı salındı. Eləcə də Yasamal rayonu, köhnə “Sovetski”də bir çox evlər, köhnə tikililər söküldü, “Təzəpir” məscidinin ətrafı, Milli Dram Teatrından yuxarı hissəsdə əla ərazilərdə yol qovşağı, park salındı və sair belə işlər digər ərazilərdə də aparlıb. Bunlar dövlət ehtiyacları üçün satın alınan ərazilərdir və tapşırığa əsasən də park, bağ, yaxud da yol qovşağı inşa edilir. Dövlət satınalmaları zamanı vətəndaşlarla problem yaşanmır, çünki dəyərləndirmələr qanuna müvafiq şəkildə aparılır, vətəndaşlara kompensasiya məbləği elə ölçüdə təyin edilir ki, mərkəzdə yaşamış sakin yenə də mərkəzdə mənzil ala bilsin. Amma söküntü işləri özəl tikinti şirkətləri tərəfindən aparılırsa, ərazidə yeni yaşayış binaları inşa ediləcəksə, sakinlərə adətən yeni tikiləcək binalarda mənzillər təklif edilir, bundan əlavə 2-3 il müddətinə - tikinti işləri nə qədər davam edəcəksə, həmin müddət ərzində sakinlərə həm kirayə haqqı ödənilir, həm də əşyaların daşınma xərcləri. Ümumiyyətlə, Bakının təsdiqlənmiş Baş Planına uyğun olaraq 2040-cı ilədək köhnə binalar sökülməli, yeni, müasir yaşayış binaları inşa olunmalıdır. Amma əlbəttə ki, sakinlərin mülkiyyət hüquqları qorunmaq şərtilə. Əmlak bazarında bəllidir ki, son dövrlərdə ciddi qiymət artımı var. Ona görə də kompensasiya məbləğlərinin hesablanmasına yenidən baxılmalıdır. Kompensasiya məbləğlərində artım edilməlidir. Təbii ki, qiymətləndirmə əraziyə görə fərqlənəcək. Mərkəzi ərazilərlə, kənar ərazilərdəki fərdi evlərin, mənzillərin qiymətləndirilməsi eyni ola bilməz.