8 dövlət, bir güc: TDT gələcəkdə daha böyük blok olacaq - Azər Həsrət

“Azərbaycan TDT-nin əsas güc mərkəzidir”

Naxçıvandan başlayan yol Türk Dövlətləri Təşkilatını gücləndirir

Bu gün Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökümət başçılarının ikinci görüşü baş tutub. Platforma, Türk dünyasını eyni masa ətrafında birləşdirərək strateji maraqlar əsasında əməkdaşlığın möhkəmlənməsinə töhfə verir.

İclasda, türkiyənin vitse-prezidenti Cevdet Yılmaz olmaqla bir sıra türk dövlətlərinin rəsmi nümayəndələri iştirak ediblər. C.Yılmaz çıxışı zamanı, Şimali Kipr türk xalqının haqq işinə güclü dəstəyə görə İlham Əliyevə minnətdarlığını bildirib. Türk dünyasının Azərnaycanın ailəsi olduğunu vurğulayan prezident, təşkilatın inkişafı ilə bağlı növbəti addımların atılacağından bəhs edib. Tədbir çərçivəsində iştirakçılar standartlaşdırma, rəqəmsallaşma və yaşıl texnologiyalar sahəsində fikir mübadiləsi aparıblar. Qazaxıstanın Baş naziri Oljas Bektenov, yaxın zamanda Türk İvestisiya Fondunun fəaliyyətə başlayacağından söz açıb. Dövlətimizin başçısı isə təşkilata üzv ölkələrin iqtisadiyatına 20 milyard dollardan çox sərmayə qoyduğunu açıqlayıb.  

 Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət Sherg.az-a bildirib ki Azərbaycan TDT-də açar rolunu oynayır:

“Bu qurumun yaradılmasında ilk addımı ölkəmiz atıb. 2009-cu il 3 oktyabrda, Naxçıvanda keçirilən zirvə görüşündə “Naxçıvan Sazişi”nin imzalanması ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı. Türk dövlətlərinin əzminə əsasən yaradılan şuranın adı, 2021-ci ildə dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olaraq tanınmağa başladı. Artıq TDT, 8 türk dövlətini eyni çətir altında birləşdirərək daha güclü əməkdaşlıq platformasına çevrilib”. 

Analitikin sözlərinə görə, Azərbaycanın çəkdiyi bu yol, türk dünyasının ortaq inkişaf xətti ilə formalaşmağa davam edir:

“TDT-yə qoşulan ölkələr heç vaxt bu ideayadan əl çəkməyəcək. Bilirsiniz ki, türk dövlətlərinin hamısı iqtisadi cəhətdən dayanıqlı deyil. Bəziləri inkişaf etmiş ölkə olaraq ön planda olsa da digər bir qisim problemləri aradan qaldırmağa fokuslanıb. Həmin ölkələrə maliyyə dəstəyi verilməlidir. Türk investisiya fondunun fəaliyyətə başlaması bu birliyə yeni ruh verəcək. Fondun sayəsində türk dövlətləri arasındakı iqtisadi və maliyyə bərabərsizliyi azalacaq”.

A.Həsrət investisiya fondunun türk dünyasının xarici ölkələrdən asılılığına son qoyacağını bildirib:

“Fonda böyük məbləğdə vəsaitlərin yatırılması və ortaq strateji layihələrin həyata keçirilməsi türk dövlətlərinin iqtisadi inkişafına əhəmiyyətli təkan verəcək. Eyni zamanda bu fond, türk dövlətlərinin qeyri-türk ölkələrindən iqtisadi asılılığının aradan qaldırılmasına xidmət edəcək. Zaman keçdikcə öz maliyyə imkanları hesabına ayaqda dayanan dövlətlərin müstəqilliklərinin daha da möhkəmlənəcəyinə şahid olacağıq”.