Sosioloq: Ən yaxşı yol cəzaları sərtləşdirmək, cərimələri artırmaqdır

Bəzi insanlara nəsə demək olmur, aqressiya ilə qarşılayırlar

“Şəhərin müxtəlif yerlərində kameralar quraşdırılıb. Həmin kamera görüntülərindən mütləq istifadə edib şəhərimizi pis günə qoyan insanları cəzalandırmaq lazımdır ki, başqaları da nəticə çıxarsın”


  Milli Məclis ətraf mühitin çirklənməsinə görə məsuliyyətin sərtləşdirilməsi haqqında İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri birinci oxunuşda qəbul edib.
Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə cərimə artırılıb.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə görə, gəminin bortundan zibil və digər əşyaların atılmasına görə cərimə 30 manatdan 300 manatadək  artırılıb.
Eyni zamanda nəqliyyat vasitələrindən zibil və digər əşyaların yola atılmasına və ya yolların çirklənməsinə görə fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər isə 4000 manat cərimə ediləcəklər.
  Məişət tullantılarını zibil qutularından kənara atan fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 1000 manat və hüquqi şəxslər 4000 manat cərimə ilə cəzalandırılacaq.
Göstərilən hərəkət bir il ərzində təkrar törədildikdə fiziki şəxslər 1000 manat, vəzifəli şəxslər 1500-2000 manat, hüquqi şəxslər isə 5000-7000 manat cərimə ediləcəklər. Hazırda sözügedən pozuntuya görə cərimənin məbləği 50 manatdır.
  Tütün tullantılarının ətraf mühitə atılmasına görə cərimə 50 manatdan 300 manata qədər artırılır. İl ərzində pozuntu təkrarlanarsa, 700 manat cərimə və ya 60-100 saat ictimai xidmət nəzərdə tutulur.
Maraqlıdır, böyük məbləğli cərimələr insanların ictimai məsuliyyətini də böyüdə biləcək?
Qeyd edək ki, MM-in sözügedən qərarı sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Fikirlər haçalanıb. Narazı kəsim hesab edir ki, minimal əməkhaqqı 350 manat olan ölkədə siqaret kötüyünü yerə atmağa görə 300 manat cərimə tətbiqi doğru deyil. Kərim Novruz adlı istifadəçi yazıb ki, cərimə qaldırmaqla cəmiyyəti maarifləndirmək mümkün deyildir: “Əksinə, bəzi vətəndaşları qanundan kənar əməllərə vadar etməkdir. 300 manat maaş alan adam ailəsini dolandıra bilmir və cəriməni ödəməlidir ki, həbsxanaya girməsin. Bunun üçün ən asan yol oğurluqdur. Bu da cinayətdir...”
  Digər qrup istifadəçilər isə qeyd edib ki, bizim kiçik cərimələrlə həllinə çalışdığımız bəzi məsələlərə inkişaf etmiş ölkələrdə həddindən artıq böyük cərimələr qoyulur. Prosesin sonunda qazanan cəmiyyət olur.  Hesab edirlər ki, ətrafı zibilləməyə qarşı cərimələrin artırılmasına qarşı çıxan insanlar elə məhz həmin qaydanı pozan, yerə zibil atan şəxslərdir. 
Ekspertlər də elə hesab edir ki, cərimələrin artırılması ilə paralel bu istiqamətdə təbliğatın aparılması, əsas da cəmiyyətin  bu məsələyə həssas yanaşması vacibdir. Böyük məbləğlər bu gün bizə ağrılı görünsə də, onların sayəsində mövcud problemi həll etmək mümkündür. Zaman ötdükcə bunun faydasını görəcəyik.

  Milli Məclisin İnsan haqları komitəsinin sədri Zahid Orucun fikrincə,  İnzibati Xətalar Məcəlləsində tullantılarla bağlı cərimələrin artırılması ilə bağlı dəyişikliklər sosial şəbəkələrdə insanların müsbət reaksiyasına səbəb olub. Bir çox ölkələrdə sanksiya dərəcələrinin  daha yüksək olduğunu vurğulayan deputat deyib ki, cərimələrin artırılması ilə “kimsə büdcə dolduracaq” kimi anlayış və yanaşmalar tamamilə yalnışdır:
 “Real mənzərəyə bir az geniş aspektdən baxmalıyıq. Misal olaraq, 2018-ci ilin göstəricilərinə görə, 10 min şəxs tütün məmulatlarının atılması ilə bağlı 383 min manata yaxın cərimələnib. Göründüyü kimi, rəqəmlər böyük deyil”.

 Z.Oruc vurğulayıb ki, qanunun fəlsəfəsi ilk növbədə insanları kütləvi cərimələmək deyil, əksinə, çəkindirici funksiyasıdır. 

Sosioloq Üzeyir Şəfiyev isə düşünür ki, qeyd olunan məsələlər inzibati tədbirlərlə həll olunan deyil. Onun fikrincə, ailələrdə, məktəblərdə bu istiqamətdə aparılan işlər daha müsbət nəticə verə bilər, nəinki hüquqi tənzimləmə və tənbeh:   
“Fikrimcə, bu işlər paralel aparılmalıdır. İnsanların maarifləndirilməsi onlarda ekoloji mədəniyyətin formalaşması, yurda sevgi aşılanmalı və insanlar hər yeri öz evi kimi bilməlidirlər. Zənnimcə, bu mənada Azərbaycanda COP29 kimi qlobal kütləvi tədbirlərin keçirilməsi cəmiyyətimizdə ekoloji tərbiyəni bir qədər də yüksəldəcək. Ekoloji mədəniyyətə, şüura müsbət təsir göstərəcək”. 

  Sosioloq Elçin Bayramlı isə “Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanda maarifləndirmə ilə heç bir problemi aradan qaldırmaq mümkün deyil. Xüsusən də, bu cür hallarla cəriməsiz mübarizə aparmaq olmur: 

“Yollarda tez-tez zibillərə rast gəlmək olar. Bu, normal bir vəziyyət deyil. Ümumiyyətlə, Azərbaycanda bərk məişət tullantılarının idarə olunması sahəsində islahatlara və müvafiq qanunvericilik bazasına ehtiyac var. Cəmiyyətin belə islahatlara ehtiyacı var, əhali artır və bərk məişət tullantılarının idarə olunmasına savadsız yanaşma ətraf mühit üçün acınacaqlı nəticələr doğura bilər.  Hər tərəf plastik tullantılar, polietilen torbalarla doludur. İnsanlar başa düşmürlər ki, kiçik planetdə yaşayırıq və hər dəfə şəhəri zibillədikcə, həmin əşyalar yenidən öz orqanizmimizə qayıdır. Buna görə də xərçəng və digər xəstəliklər çoxalır.  Düzdür, bu cür məsələlərlə bağlı maarifləndirmə və  ictimai qınağı da gücləndirmək lazımdır. Amma  bəzi insanlara nəsə demək olmur, aqressiya ilə qarşılayırlar. Ona görə də ən yaxşı yolu cəzaları sərtləşdirmək, cərimələri artırmaqdır. Şəhərin müxtəlif yerlərində kameralar quraşdırılıb. Həmin kamera görüntülərindən mütləq istifadə edib şəhərimizi pis günə qoyan insanları cəzalandırmaq lazımdır ki, başqaları da nəticə çıxarsın”.