Bakını yağış suları basdı: Səlahiyyətlilər bir-birini ittiham etdi

“Suyun axması üçün nəzərdə tutulan cığırların üzərində evlər, restoranlar tikilib, artıq su kanallara tökülə bilmir”

  Bölgələrə və paytaxt Bakıya yağan aramsız yağış ciddi fəsadlara səbəb olub.
Şəhərin mərkəzi küçələri də daxil olmaqla əksər yolları, tunellərə su dolub, avtomobillər su altında qalıb. Hazırda ərazidə suyun çəkilməsi üçün işlər davam etdirilir.
Hətta sosial şəbəkələrdə yayılan görüntülərdə "Sabunçu keçidi" adlanan ərazidə "Ford" markalı minik avtomobili batıb, 2 nəfər boğularaq ölüb.
FHN-in Mətbuat Xidmətindən bildirilib ki, subasmaya məruz qalmış tuneldən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlu və 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi FHN-in əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu hal aidiyyəti qurumlar tərəfindən hər nə qədər təbii fəlakət kimi dəyərləndirilsə də, şəhər sakinləri hər dəfə bənzər mənzərəyə şahid olur. Paytaxt Bakıya yağış yağan kimi istər infrastruktur, istərsə də nəqliyyat sistemi iflic vəziyyətə düşür. Lakin bu dəfə fəsadları daha çox oldu, obrazlı desək, “paytaxtı yağış yuyub, sel apardı”.
... bu, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin vəzifəsidir
  "Bu, müəyyən mənada, təbii fəlakətdir. Proses göz qabağındadır, normadan artıq yağıntı olub”. Bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında paytaxtda yağıntının yaratdığı fəsadlara münasibət bildirərkən deyib.
Bakı meri hesab edir ki, indi vəziyyəti təhlil etmək lazımdır ki, niyə hansısa ərazidə xoşagəlməz mənzərə yaranıb: “Ola bilsin, tikinti zamanı bəzi nöqsanlara yol verilib. Hər halda birmənalı qiymət vermək hələ tezdir. Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər strukturların nümayəndələri ilə birlikdə bu gün axşam yığışıb yaranmış vəziyyəti təhlil edəcəyik və ondan sonra müəyyən tədbirlər görüləcək”. O qeyd edib ki, Bakı sürətlə inkişaf edir, yeni binalar tikilir. Buna paralel olaraq kanalizasiya sistemi də inkişaf etməlidir: "Bu isə bəzən alınır, bəzən yox. Hər halda problemlər mövcuddur. Kanalizasiya sisteminin problemi müəyyən mənada gündəlikdədir və tədbirlər görülür. Bilirsiniz ki, bu, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin vəzifəsidir, amma biz də bu prosesdə iştirak edirik, özümüzü kənarlaşdırmırıq. Hər halda təhlillər aparıldıqdan sonra rəsmi məlumat verəcəyik".
DİN kritik hava şərtləri ilə əlaqədar sürücüləri ehtiyat tədbirləri görməyə çağırır
  DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirilib ki, ölkə ərazisində yağan aramsız yağışlar avtomobil yollarında, xüsusilə paytaxtın küçə və prospektlərində bir sıra çətinliklər yaradıb: “Yollarda hərəkətin nizamlanması, eləcə də fəsadların aradan qaldırılması məqsədilə DYP əməkdaşları gecə saatlarından etibarən aidiyyəti qurumlarla birgə çalışır. Hazırda respublika əhəmiyyətli avtomobil yollarında YPX Alayının əməkdaşları tərəfindən nəqliyyatın intensiv hərəkəti təmin olunmaqla fasiləsiz xidmət aparılır. Baş Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraitinin yol hərəkəti iştirakçıları üçün əlverişsiz olduğunu nəzərə alaraq, bir daha onları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, yolların sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtləri ilə əlaqədar sürücüləri ehtiyat tədbirləri görməyə çağırır".
  Hazırda Azərbaycana yağan yağıntılarla bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakıda yağışdan sonra küçələrdə subasmasının səbəbini yağıntının illik normadan dəfələrlə artıq olmasında, o cümlədən yağış sularının axıdılması üçün istifadə olunan kollektorlarda yaranan problemlərdə görür.
Borular, drenaj sistemləri sovet dövründən qalıb, bəzilərinin istismar müddəti bitib
  Bu sözləri də İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu Report-a açıqlamasında deyib. Xidmət sözçüsü Bakı şəhərinin əksər ərazilərində fəaliyyət göstərən boruların, drenaj sistemlərinin sovet dövründən qaldığını, bəzilərinin istismar müddətinin bitdiyini deyib: "Təbii ki, bunlar zaman-zaman dəyişdiriləcək. Bəzi yerlərdə drenaj sistemi ilə axıntı sularını aparan kollektorlar demək olar birləşiblər. Eyni funksiya yerinə yetirilir. Bunların da zaman-zaman bir- birindən ayrılması prosesi həyata keçiriləcək”.
  C.Musaoğlu qeyd edib ki, əvvəlki illərlə müqayisədə Bakıda evlərin, həyət evlərinin sayı artıb və bu evlər harada gəldi inşa olunur: "Obyektlərin çoxu magistral xətlərin, su xətlərinin, kanalizasiya xətlərinin, kollektorların üzərində inşa olunublar. Əksər kollektorlar qapalı vəziyyətdədir, üzərinə betonlar tökülüb. Hazırda bu kimi neqativ vəziyyətin aradan qaldırılması üçün də işlər görülür”.
  Xidmət rəsmisi bildirib ki, normadan artıq yağan yağışların yaratdığı fəsadlarla bağlı birinci şəxsdən rəhbərliyə qədər hər kəs səfərbər olaraq işləyir: “Problemin aradan qaldırılması üçün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti, o cümlədən Regional Su Meliorasiya Xidməti gücləndirilmiş iş rejimində fasiləsiz fəaliyyət göstərir. Bəzən texnika və işçi qüvvəsini çatdırmaq olmur, həmçinin yuxarıda sadaladığım problemlər işə maneə törədir. Elə yerlər var ki, suyun axması üçün nəzərdə tutulan cığırların üzərində evlər, restoranlar tikilib, artıq su kanallara tökülə bilmir. Bir məsələni də diqqətinizə çatdırım ki, "Bakı şəhərinin Baş planı 2040"da şəhər ərazisində yağış drenaj boru xətləri ilə məişət, kanalizasiya xətlərinin bir-birindən ayrılması, yağış sularının toplanması və təkrar istifadəsinin təşkili nəzərdə tutulub. Artıq bu işlərin həyata keçirilməsi üçün işlər başlayıb".
  Hüquq müdafiəçisi Sahib Məmmədovun sözlərinə görə, Bakının dağlıq sahələrinin olması şəhərin mərkəzində yağıntı sularının sürətlə toplanmasına gətirir:
“Şəhərlərdə kanalizasiya sistemi ayrıdır, yağış sularını aparan drenaj sistemi ayrı.
Kanalizasiya sistemi bu suaları çəkib aparmaq imkanında deyil. Nəzərə almalıyıq ki, hər gün yalnız "Nizami" metrosunun yaxınlığında 70 m dərinlikdə tikilmiş təbii yolla suyun yığışdığı su anbarında suyun səviyyəsini saxlamaq üçün sutkada 3 000 kub şirin su+ metro tunellərində toplanan təxminən sutkada 20 000 kub şirin su kanalizasiya sisteminə ötürülür (əslində, istifadə olunmalıdır) o zaman kanalizasiya sisteminin əlavə suları axıtmaq imkanının olmadığı məlum olur.
Yağış-drenaj sistemi bəzi küçələrdə əvvəllər də var idi, amma sonradan asfaltlama, yolların genişləndirilməsi zamanı onların çoxu bağlandı”.