Mir Şahin Ağayev- 61

Bəli, əvvəl yaranırıq, sonra xatirəyə çevrilirik, daha sonra isə unuduluruq. Bəs onda biz kimik?..
Mir Şahin Ağayev deyəndə, nədənsə yadıma ilk düşən bu kəlmələr olur: “Biz qəhrəmanlarımızı dar ağacında görməyə öyrəşmişik…”
Nə yaxşı ki, Mir Şahin Ağayev özünü “dar ağacından” xilas edə bildi. Yaşayır, var və əski təhlükələrdən çox uzaqdır…
Mir Şahin Ağayev təkcə ölkənin böyük jurnalisti, peşəsinin AKADEMİYASI deyil, həm də gözəl şairdir. Haqqında söhbətimi nə vaxtsa qələmə aldığı bir şeirlə yekunlaşdırıb, onu astanasında dayandığı 61 yaşı münasibətilə təbrik edirəm! 

“Yerləşmə 
(Anti təlqin)
Gəldim çatdım...
 Yerləşirəm, narahat olma!
 Düzdü, bir az darısqaldır
 Bir az soyuqdu
 Amma burda bundan geniş,
 bundan işıqlı, bundan isti
 Bundan rahat otaq da yoxdu!
Burda təkəm, uzanmışam, dincəlir canım
 Qarışqalar yem axtarır bəbəklərimdə...
 Yatıb nəbzim, durub qəlbim, dincəlir qanım.
 Səsi gəlmir vəd olunan mələklərin də
 Hanı bunun odu, suyu, alma bağları?!
Uşaqların ruhlarından doğulan quşlar?!
 Bir az qumdu, bir az torpaq buranın varı,
 Bir də başım üstündəki laybalay daşlar...
Niyə belə qəfil düşdü yağış mövsümü?
 Qorunmağa balaca bir çətir də yoxdu
 Bu nə idi, çürüyürəm, yoxsa leş kimi?
 Tərs kimi də üstümdə heç ətir də yoxdu...
Belə qonaq evi olar?
 Bəsdi sən Allah!
 Gör qar basınca otağımın damı sökülür...
 Həşəratlar dabanımı qıdıqladıqca,
 Gülmək tutur,
 Uğunmaqdan ətim tökülür...
Bədənimi tükmü basıb?
 Bəs niyə yaşıl?
 Bərbər əli gəzən yerdə quzu dişləri
 Suvarırlar, becərirlər sonra yeyirlər
 Buranın da varmış demə əcəb işləri?
Hə beləcə yer üzündən uzaqlaşıram,
 Bir az otda, bir az suda donuram yenə,
 Yavaş-yavaş əriyirəm, torpaqlaşıram,
 Yerləşirəm asta-asta dönürəm yerə.”
Gözəl şeirdir, deyilmi?..

Hörmətlə, Elman Eldaroğlu