"...Amma konkret olaraq vərəsə statusunda şəhidin həyat yoldaşı və övladlarıdır"
Ramanada qətl hadisəsi törədilib. Xəbərdə bildirilir ki, şəhid Səxavət Məmmədovun atası, gəlini Gülüzar Məmmədovanı qətlə yetirib. Cinayətin kökündə dövlətin şəhid ailəsini təmin etdiyi maddi vəsaitlər (müavinət kartı) və mənzil üstündə yaşanan mübahisələr dayanır.
Qonşuların sözlərinə görə, bundan əvvəl də tərəflər arasında ev üstündə mübahisələr yaşanıb. Şuşa şəhərciyinin yaxınlığında inşa edilən binalar 44 günlük müharibədən sonra şəhid ailələrinə verilib. Həmin evlərdən biri də Səxavət Məmmədovun ailəsinə təqdim olunub. Lakin şəhidin atası Adıgözəl Məmmədov gəlinini bu evdən çıxararaq nəvələri ilə birlikdə orada yaşamağa başlayıb. İyunun 1-də isə Adıgözəl Məmmədov gəlinindən kartı almaq üçün Uşaqların Beynəlxalq Müdafiəsi Gününü bəhanə edib onu evə çağırıb. Uşaqlarla görüşüb evinə qayıdarkən qaynatası onun arxasınca gələrək liftdə bıçaqlayıb.
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli “Sherg.az”a açıqlamasında bildirdi ki, bu cür cinayətlərin baş verməsi təəssüf doğurur: 
- Zaman-zaman belə hallar yaşanır təəssüf ki. Şəhidlərin adına veriln müavinətlərə iddia edənlər çox olur. Valideynlər də iddiaçı qismində çıxış edilər. Çox təəssüf ki bu tip mübahisə və münaqişələr yaşanır, hətta cinayət əməli ilə də nəticələnir. Qanunvericilik şəhidlərə ayrılan bütün imtiyazların, qanpulunun, mənzil verilirsə mənzilin onun ailəsinə - konkret olaraq həyat yoldaşına, övladlarına verilməsini təsbit edir. Əgər şəhid evli olubsa, həyat yoldaşı, övladları varsa, onlar nəzərdə tutulur. Ailə başçısı kişi şəhid olubsa, ailə başçısı statusu qadına keçir. Və şəhidə ayrılan maddi vəsait, müavinətlər də şəhidin həyat yoldaşına verilir. Burada mübahisəli məsələ ola bilməz. Amma şəhid subay olubsa, evli olmayıbsa, övladları yoxdursa, o zaman şəhidi varisi kimi əlbəttə valideynləri qəbul olunur və müavinətlərdən də onlar istifadə edirlər. Qanunvericilik konkret təsbit edib bu məsələni. Bəzən valideynlər də özlərini haqlı sayır ki övlad böyüdüblər, onlara da çatmalıdır hansısa imtiyazlar. Amma bu məsələdə fərqli situasiyalar ola bilər. Məsələn, ailədə bir deyil, 2, 3 övlad varsa, valideynlər tənha sayılmır. Hesab edirəm ki, məsələ mübahisələrə səbəb olmasın deyə, şəhidin adına ayrılan müavinət övladlarının bank hesabına köçürülə bilər. Amma konkret olaraq vərəsə statusunda şəhidin həyat yoldaşı və övladlarıdır.