Bütün dünyada “black friday”, yəni “qara cümə” adı altında mağazalarda məhsullara xüsusi endirimlər təşkil edilməsinə az bir zaman qalıb. Son illər bu ənənə ölkəmizdə də formalaşmağa başlayıb. Paytaxtın bəzi mağazaları həmin gün endirimlər edərək, müştəriləri cəlb etməyə çalışırlar. Lakin bir çoxları bu endirimlərin həqiqi olmadığını, ya da az olduğunu deyirlər. Maraqlıdır, Azərbaycanda "Black Friday" zamanı tətbiq edilən endirimlər nə qədər realdır?
Sualımızı cavablandıran marketoloq Nicat Manafov "Sherg.az"a söyləyib ki, Azərbaycanda "black friday"-la bağlı tətbiq olunan endirimlərin əksəriyyəti yalandır:
"Çünki bizdə stoklar geridən gəlir. Ancaq bəzi qlobal markalarda endirimlərin əksəriyyəti həqiqəti əks etdirir. Amma Azərbaycanda stoklar gec yeniləndiyi üçün tendensiya dəyişir. Hətta, bir çox vitrinlərdəki mallar keçən ildən qalıb. Ona görə də qiymətlər bizə guya, endirimli təklif edilir. Əslində aldanmamaq üçün sadə bir yol var. Vitrindəki qiymətlə internetdəkini müqayisə edib endirimli olub-olmadığını yoxlamaq mümkündür. Həmin vaxt satıcılar keyfiyyətsiz malları satmağa çalışırlar. Burada əsas niyyət hamıya bəllidir. Yəni, sahibkarlar çoxlu gəlir əldə etmək istəyirlər. Belə ki, ölkəmizdə "black friday"ə iki ay qalmış qiymətlər bilərəkdən qaldırılır. Bu, marketinq layihəsinin bir parçasıdır".