İsveçrənin paytaxtında Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Bern şəhərinin Yehudi Menuhin Forum adlı məhşur konsert zalında Azərbaycanın İsveçrədəki səfirliyinin dəstəyi ilə “Azərbaycanın dostları” diaspor birliyi tərəfindən Novruz bayramına həsr olunmuş geniş proqram təşkil edilib.
AZƏRTAC xəbər verir ki, proqramın bədii hissəsində muğam ifaçıları Mirələm Mirələmov, Rəvanə Qurbanova, tar ifaçısı Rövşən Qurbanov və kamança ifaçısı Toğrul Əsədullayevin ifasında milli musiqimizin inciləri səsləndirilib, "Ritm" rəqs qrupunun təqdimatında xalq rəqsləri nümayiş etdirilib. Konsertlə yanaşı, fotoqraf Andre Jabalinin təbiətin gözəlliyini tərənnüm edən sərginin açılışı baş tutub.
Proqram Bernin tarixi meydanların birində Novruz tonqalının ətrafında həmvətənlərimizin və yerli sakinlərin birgə rəqsləri ilə yekunlaşıb.
Konsert, sərgi və tonqal ətrafında rəqslər İsveçrə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.