3 ildir evdən çölə çıxmır, imkanı olsa tualetə də getməz

 “Hamama da getmək istəmirəm, əlimdə olsa tualetə də getmərəm”
Hatayda təxminən 3 ilə yaxındır evdən çıxmadan yalnız telefon və kompüterlə vaxt keçirən 23 yaşlı gənc virtual aləmə aludə olub. Oğlunun yeməkdən başqa heç nə etməməsinə üzülən ana, onun əvvəlki günlərinə qayıtmasını arzulayır.
Sherg.az xəbər verir ki, Kahramanmaraş mərkəzli zəlzələlərdə evini itirən və hazırda Defne rayonunda yaşayan 50 yaşlı Semra Özbay və 23 yaşlı oğlu Barış Özbay, baş verən fəlakətdən sonra həyata birgə tutunmağa çalışırlar. Zəlzələdə həm evlərini, həm də yaxınlarını itirən ailə, artıq üç ildir çətin bir dövrlə mübarizə aparır.
Zəlzələdən sonra yaşamaq həvəsini itirən və oxuduğu universiteti yarımçıq qoyaraq daim kompüter və telefonla vaxt keçirməyə başlayan Barış Özbay, virtual aləmin asılısına çevrilib. Gənc yalnız yaşamaq üçün zəruri ehtiyaclarını ödəyir; nə duş alır, nə də şəxsi qayğısına qalır. Təxminən 3 ildir evdən bir addım belə çıxmayan Barışın anası Semra Özbay hər gün bu vəziyyətə görə əzab çəkir. Oğlu bütün gün telefonu və kompüteri ilə məşğul olur, boynunu belə tərpətməkdə çətinlik çəkir. Acılı ana, övladının yenidən həyata qayıtması üçün yardım gözləyir.
Günün çox hissəsini evdə keçirən Barış Özbay deyir ki, yalnız yaşamaq üçün zəruri işləri görür, müalicə olunmaq istəmir:
“Adətən oyanıram, tualetə gedirəm, məcbur olduğum üçün yemək yeyirəm, yoxsa onları da etməzdim. Sonra otururam və telefonla oynayıram. Divarlara baxıram, axşam olmasını gözləyirəm, sonra yatırəm. Zəlzələdən iki ay əvvəl özümü evə qapamışdım. Ondan əvvəl də həyata qarşı biganəliyim başlamışdı. Universitetdə logistika ixtisası oxuyurdum. Heç nə etmək istəmədiyim üçün indi hamama da getmək istəmirəm. Məndən  olsa, tualetə də getmərəm, yemək də yemərəm. Bunu yalnız məcbur olduğum üçün edirəm. Zəlzələdən əvvəl hamama gedirdim, amma indi istəmirəm. Arzum yoxdur, heç nə olmasını istəmirəm. Valideynlərim çalışır, amma mən nə düzəlmək, nə də kömək almaq istəyirəm. Çölə çıxıb nəsə etmək istəmirəm, evdə oturacağam. Dırnaqlarım daha da uzanmışdı, amma məcbur kəsdilər. Qısası, həyat mükəmməl deyil. İnsanlar deyir ki, həyat enişli-yoxuşludur, gözəldir -  mənim üçün tam əksidir. Həyatın enişli-yoxuşlu tərəfləri gözəl deyil, mən istəmirəm.”
 
Oğlunun 3 ildir nə duş aldığını, nə də evdən çıxdığını deyən Semra Özbay, bu vəziyyətdən çox əziyyət çəkdiyini bildirib:
“Oğlum Barış 23 yaşındadır. Zəlzələdə evimiz dağıldı, nənəsini itirdi, dostları dağılmağa başladı. Oğlum əvvəllər çox çalışqan idi, məktəbdə birinci olurdu. Hamı onunla fəxr edirdi. Eqzama xəstəliyi var, amma 3 ildir hamama getmir. Ana kimi onu tərk edə bilmirəm. Zəlzələdən əvvəl hamam məsələsində çox qayğıkeş idi, hətta mən hamam etdirməyə geciksəydim, mənə qəzəblənirdi. Amma zəlzələdən sonra hər şey dəyişdi. Hamama getməyi, hər şeyi buraxdı, özünü evə qapadı, yalnız telefon və kompüterlə vaxt keçirir. 
 
Dostları ilə çox az danışır, mənimlə isə demək olar ki, heç danışmır. Deyirəm ki, hamama get, “mən öləcəyəm” deyir. Bəzən 'ya sən öləcəksən, ya da mən' deyir. Artıq mənə 'ana' da demir. Çox çətinlik çəkirəm. Bəzən köhnə şəkillərinə baxıram, onun əvvəlki halını xatırlayıb özümü ovutmağa çalışıram. Həyat yoldaşım artıq həyatda deyil, başqa övladım da yoxdur. Üç ildir oğluma bu vəziyyətdə baxıram. Nə qədər çətin olsa da, onu tərk edə bilmirəm. Bəzən mübahisə edirik, amma yenə də onu anlamağa çalışıram. Rəsmilərdən kömək istəyirəm, oğlumun xəstəxanada müalicə olunmasını istəyirəm.”