Bakı-Tbilisi-Bakı sərnişin qatarı hərəkətə başlaya bilər -RƏYLƏR

COVID-19 pandemiyası səbəbilə bir müddət dayandırılmış Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti 2025-ci ilin may ayının sonunda yenidən bərpa ediləcək. Gürcüstan hökumətindəki mənbənin məlumatına görə, hazırda Azərbaycan və Gürcüstan arasında reyslərin bərpası ilə bağlı danışıqlar aparılır və qatarların konkret hansı gündən hərəkətə başlayacağı yaxın günlərdə dəqiqləşdiriləcək. Azərbaycan Dəmir Yolları QSC-dən verilən açıqlamada isə qeyd olunub ki, sərnişin daşımalarının dayandırılması 2020-ci ildə COVID-19 infeksiyasının yayılması ilə əlaqədar olaraq Nazirlər Kabinetinin qərarı əsasında həyata keçirilib. Həmin qərara əsasən ölkədə xüsusi karantin rejimi tətbiq olunub və bu səbəbdən Azərbaycan Respublikasının quru sərhədləri bağlanıb. Beynəlxalq sərnişindaşıma fəaliyyəti də məhz bu kontekstdə dayandırılıb.
Qeyd edək ki, martın 18-də xüsusi karantin rejimi bir daha uzadılaraq iyulun 1-i saat 06:00-dək qüvvədə saxlanılıb. Hələlik ölkənin quru sərhədləri bağlı olaraq qalır, lakin Bakı-Tbilisi sərnişin reysinin bərpası hər iki ölkə üçün nəqliyyat əlaqələrinin canlandırılması baxımından əhəmiyyətli addım hesab olunur. Bu reysin bərpası, təkcə turizm sahəsinə deyil, həm də iki qonşu ölkə arasında iqtisadi, mədəni və sosial əlaqələrin yenidən intensivləşməsinə təkan verəcək.
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin mayın sonunda yenidən bərpa olunması xəbəri həm ictimaiyyət, həm də ekspert dairələrində müsbət qarşılanıb.
ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli də Sherg.az-a açıqlamasında bildirib ki, bölgədə nəqliyyat əlaqələrinin bərpası baxımından əhəmiyyətli bir xəbərdir. Bakı-Tbilisi sərnişin qatarının fəaliyyətinin mayın sonunda bərpa ediləcəyi məlumatı, xüsusilə Azərbaycanla Gürcüstan arasında turizm, ticarət və insan axınının artmasına töhfə verə bilər:
 “Lakin Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı rəsmi qurumlar açıqlama verməlidir. Verilən məlumatlarda Gürcüstan tərəfindən belə bir təklifin olduğu bilinir, Azərbaycan Dəmir Yolları da buna hazırdır. Sadəcə, Azərbaycan hökumətindən rəsmi bir qərar olmalıdır, dəmir yolu nəqliyyatının açıılmasıyla bağlı. Bu barədə ictimaiyyətə rəsmi şəkildə xəbər verilsə yaxşı olar”.
Bakı-Tbilisi -Bakı sərnişin qatarının bərpasının region üçün strateji əhəmiyyət daşıdığını vurğulayan iqtisadçı bu qərarın yalnız nəqliyyat sektoruna deyil, eyni zamanda region ölkələri arasında iqtisadi və turizm əlaqələrinin canlandırılmasına mühüm töhfə verəcəyini bildirib. Onun sözlərinə görə, Bakı-Tbilisi reysi həm simvolik, həm də praktik baxımdan vacib marşrutdur:
 “Bu reysin fəaliyyəti pandemiya öncəsi dövrdə Gürcüstan və Azərbaycan vətəndaşları arasında sərhədlərin vizasız rejimlə keçilməsi baxımından çox geniş istifadə olunurdu. Qeyd edim ki, iki ölkə arasında təkcə dəmir yolu nəqliyyatının deyil, ümumiyyətlə, quru sərhədlərin tamamilə açılması müsbət irəliləyiş olardı. Hesab edirəm ki, quru sərhədlərin ən azından dəmir yolundan istifadə edilməklə açılması mümkündür. Məncə, burada hər hansı təhlükəni neytrallaşdırmaq daha asandır”.
İqtisadçı-ekspert Fuad İbrahimli də qəzetimizə açıqlamasında Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin mayın sonunda bərpa olunacağı xəbərinin regionda nəqliyyat əlaqələrinin canlanması baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib:
 “Azərbaycan hökumətinin rəsmi qərarı olmadığı üçün konkret fikir bildirmək çətindir. Bildiyim qədəri ilə bu istiqamətdə Azərbaycan və Gürcüstan arasında danışıqlar davam edir.
Ümumi olaraq, onu deyə bilərəm ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarının yenidən fəaliyyətə başlaması təkcə nəqliyyat sektorunun canlanması deyil, həm də Azərbaycan və Gürcüstan arasında iqtisadi və mədəni əlaqələrin güclənməsi baxımından əhəmiyyətlidir. Pandemiya səbəbindən dayandırılmış bu reysin bərpası regionda səyahət imkanlarını artıracaq və turizm sektoruna müsbət təsir göstərəcək”.