Ukraynanın dron hücumları bir neçə gün davam etsə, reysləri bərpa etmək mümkün olmayacaq
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakıdan Rusiyanın Moskva şəhərinə planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri sözügedən marşrutun müəyyən hissələrində məhdudiyyətlərin hələ də tətbiq edilməsi səbəbindən təxirə salınıb.
Azərbaycan Hava Yolları QSC-nin Mətbuat xidmətinin məlumatında bildirilib: "AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq”.
Məsələ Azərbaycan ictimaiyyəti tərəfindən geniş müzakirə predmetinə çevrilib. Bəzi ekspertlər qeyd edib ki, AZAL-ın Bakıdan Moskva istiqamətindəki reyslərinin təxirə salınması təkcə texniki bir xəbər deyil – bu, bölgədəki geosiyasi və təhlükəsizlik mühitinin hava nəqliyyatına təsirini göstərən əlamətdar hadisədir.
ReAL Partiyasının sədri Natiq Cəfərli isə Sherg.az-a açıqlamasında deyib ki, tək Bakıdan deyil, Türk Hava Yollarının, “Pegasus”un, Orta Asiya Respublikalarının da Moskvaya planlaşdırılan əksər reysləri təxirə salınıb:
“İki gündür Moskva və Peterburq hava limanlarına Ukrayna dronlarının intensiv hücumu müşahidə edilir. Çox güman ki, reyslərin təxirə salınması da məhz bu hücumla əlaqəlidir. Əgər hazırda Ukraynda dronlarının intensiv hücumları olmasaydı və yalnız AZAL-a məxsus reyslər təxirə salınsaydı, bunu geosiyasi gərginliklə izah etmək olardı”.
N.Cəfərlinin sözlərinə görə, Ukraynanın dron hücumları bir neçə gün davam etsə, reysləri bərpa etmək mümkün olmayacaq.