Paşinyanın ikiüzlü mövqeyi ifşa olundu

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
  
Baş nazirin cavabları revanşizm ehtimalını gücləndirir
 
Sual verildi, cavab qarışdı, Paşinyan Konstitusiyanı “əngəl” görmür
 
Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibə verib. Paşinyan Azərbaycanın şərtini qəbul etdiyini açıqlayıb: “Biz Azərbaycanın ATƏT-in Minsk qrupunun buraxılması barədə şərti ilə razıyıq”. O bildirib ki, bu, ümumilikdə, rəsmi İrəvan üçün qəbulediləndir: “Biz əmin olmaq istəyirik ki, Azərbaycanın niyyəti, belə demək olarsa, bu, münaqişəni öz ərazisində bağlayıb, onu Ermənistan ərazisinə köçürmək deyil. Bunun da həlli yolu var. Bunun üçün bizim təklif etdiyimiz yol budur ki, sülh razılaşması və ATƏT-ə Minsk qrupunun buraxılması barədə müraciət eyni yerdə, eyni vaxtda imzalansın”. Ermənistan baş nazirinin fikrincə, bu, qarşılıqlı etimadın yaradılması və bölgədə stabilliyin qorunması üçün mühüm jest olardı. Paşinyan Azərbaycan-Ermənistan sülh sazişinin bəzi bəndlərini açıqlayıb. O deyib ki, Ermənistanda hələlik yeni konstitusiya layihəsi yoxdur: “Biz qüvvədə olan konstitusiyanı təhlil etmişik. Azərbaycanın hansı məsələləri qaldırdığını bilirik. Amma bu, açıq-aşkardır və bizim Konstitusiya Məhkəməsi də bu barədə qərar verib ki, qüvvədə olan Ermənistan konstitusiyasına görə, ölkəmizin qonşularına qarşı heç bir ərazi iddiası yoxdu. Bu məqam hüquqi cəhətdən də təsdiq olunub”. O bildirib ki, Ermənistanla Azərbaycan arasında razılaşdırılmış sülh sazişinin mətnində də bu məqam aydın şəkildə əksini tapıb: “Orada deyilir ki, Ermənistan və Azərbaycan Almatı deklarasiyası əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır və bu fakta əsaslanır ki, sovet respublikalarının inzibati sərhədləri bu gün dövlət sərhədlərinə çevrilib. Bu o deməkdir ki, bu gün Sovet Azərbaycanı müstəqil Azərbaycan, Sovet Ermənistanı isə müstəqil Ermənistandır. Bu, ilk vacib faktdır. Bundan başqa, sülh sazişindəki başqa bir maddədə də deyilir: Ermənistanın və Azərbaycanın bir-birinə heç bir ərazi iddiası yoxdur və onlar gələcəkdə də belə tələblərin qaldırılmaması ilə bağlı öhdəlik götürürlər”.
N.Paşinyan faktiki olaraq bu gün həm Ermənistan, həm də Azərbaycanda qaldırılan məsələlərin həmin sülh sazişinin mətnində həllini tapdığını vurğulayıb. O söyləyib ki, sülh sazişindəki başqa bir maddəyə görə, sənəd ratifikasiya olunduqdan sonra heç bir tərəf onun icrası ilə bağlı öz qanunvericiliyinə müraciət edə bilməyəcək: “Sülh razılaşması imzalanandan sonra Ermənistan öz qanunvericiliyinə əsasən, bu layihənin konstitusiyamıza uyğun olub-olmadığını müəyyən etmək üçün onu Konstitusiya Məhkəməsinə göndərəcək. Məhkəmə sazişin konstitusiyaya tam uyğun olduğunu müəyyən edərsə, bu o deməkdir ki, sözügedən sənədin Ermənistan parlamentində ratifikasiyası üçün heç bir əngəl yoxdur. Saziş parlamentdə ratifikasiya olunandan sonra bizim konstitusiyanın başqa bir maddəsi qüvvəyə minəcək. Orada deyilir ki, ratifikasiya olunmuş beynəlxalq müqavilələr ali hüquqi qüvvəyə malikdir və yerli qanunlardan üstündür”.
Baş nazirin sözlərinə görə, Ermənistanda da Azərbaycan Konstitusiyasında qonşu dövlətə qarşı ərazi iddialarının olduğu ilə bağlı narahatlıqlar dilə gətirilir. Onun fikrincə, hər iki ölkədə narahatlıqlara son qoymağın ən qısa yolu sülh sazişini imzalamaqdır: “Çünki müqavilə imzalanandan və hər iki ölkənin parlamentində ratifikasiya olunduqdan sonra bu məsələ ən ali səviyyədə qanuniləşdiriləcək ki, Ermənistanın Azərbaycana və ümumiyyətlə, heç bir qonşu dövlətə qarşı ərazi iddiası yoxdur”.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın Baş naziri Nikol Paşinyanın İctimai Televiziyaya müsahibəsi zamanı səsləndirdiyi iddialara cavab verib. Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub ki, Ermənistanın baş naziri konstitusiyada mövcud ərazi iddiaları, habelə Minsk qrupunun ləğvi məsələsində növbəti dəfə beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd edib. Vurğulanıb ki, Ermənistan tərəfi üçün beynəlxalq müqavilələrdə ərazi bütövlüyünə dəstək ifadə edilməsinin heç bir əhəmiyyətə malik olmadığı danılmaz bir faktdır: "Bunu sübut etmək üçün, Ermənistanın Almatı bəyannaməsinə qoşulması prosesini və bu razılaşmanı necə kobud şəkildə pozduğunu xatırlatmaq yerinə düşər. Ermənistan tərəfinin daim istinad etdiyi Almatı bəyannaməsinə qoşulan zaman verdikləri qeyd-şərtləri, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa qarşı çıxan qüvvədə olan qanunvericilik aktlarının mövcudluğu hər kəsə məlumdur. Baş nazirin Ermənistanın tərəf çıxdığı və ratifikasiya edilmiş beynəlxalq müqavilələrin yerli qanunlar üzərində üstünlüyə malik olduğu barədə konstitusiya müddəasına istinad etməklə öz iddialarını arqumentlərlə sübut etməyə çalışması da tamamilə əsassızdır. Bunun əksini sübut etmək üçün Ermənistan konstitusiyasının 5-ci maddəsinə (hüquq normalarının iyerarxiyası) nəzər yetirmək kifayətdir. Məhz bu müddəaya əsasən Ermənistan konstitusiyası ali hüquqi qüvvəyə malikdir və baş nazirin istinad etdiyi beynəlxalq müqavilənin üstün olması müddəasının Konstitusiyaya aidiyyəti yoxdur. Ermənistan konstitusiyasının 21-ci maddəsində istinad olunan Ermənistan gerbinin belə özündə indiki Ermənistanın qonşularına ərazi iddialarını əks etdirdiyi də yaxşı məlumdur. Bununla, Ermənistanın hansı müqaviləyə qoşulmasından asılı olmayaraq, Konstitusiyada Azərbaycan ərazi bütövlüyünə qarşı olan müddəanın saxlanılmasına hər vəchlə çalışılmasının nəyə xidmət etdiyi aydın olur". Bununla yanaşı qeyd olunub ki, 2022-ci ilin oktyabr ayından etibarən müzakirə olunan sülh sazişi layihəsində ərazi bütövlüyünə dəstək barədə müvafiq müddəaya razılıq verilməsi ilə yanaşı, paralel olaraq Ermənistan rəhbərliyinin 2023-cü ilin sentyabr antiterror tədbirlərinə qədər necə qondarma rejimə dəstək verdiyini, onu legitimləşdirməkdə davam etdiyini heç kim unutmayıb: "Həmçinin 1991-ci ilin sərhədləri və Almatı bəyannaməsi əsasında ərazi bütövlüyünə istinad edən Ermənistan tərəfinin son 35 ilə yaxın müddətdə nəyə görə bu xəritələrə və razılıqlara əməl etmədiyinə, Sovet xəritələrində əksini tapmış sərhədləri qəbul etməkdən imtina etdiyinə izahat verməsi daha yaxşı olardı. Qeyd edilənlərlə yanaşı, mütəmadi olaraq Ermənistan Konstitusiya Məhkəməsinin qərarlarına istinad edən baş nazirə, Ermənistan tərəfinin hələ 2010-cu ilin yanvarında Türkiyə ilə münasibətlərinin normallaşdırılmasına dair protokolların onun konstitusiyasına uyğunluğu ilə bağlı konstitusiya məhkəməsinin qərarının təfərrüatlı şəkildə əsaslandırıldığı zaman qondarma “Qərbi Ermənistan” iddialarından əl çəkmədiyini, eyni məntiq və yanaşmanın məhkəmənin Azərbaycanla Ermənistan arasında sərhəd komissiyalarının reqlamentinin Ermənistan konstitusiyasına uyğunluğu ilə bağlı 26 sentyabr 2024-cü il tarixli qərarının qəbulu zamanı tətbiq etdiyini xatırlamaq kifayətdir. Xüsusən də, məhkəmə qərarında preambula və dolayısı ilə Müstəqillik Bəyannaməsinin “erməni dövlətçiliyinin əsas prinsipləri” kimi səciyyələndirilməsi və onların dəyişilməz müddəalar olduğunun qeyd edilməsi, Ermənistanın Azərbaycan ərazilərinə qarşı iddialarından irəli gələn təhdidin miqyasını nümayiş etdirir. Ermənistan baş nazirinin bu problemlərin gözardı edilə biləcəyi ilə bağlı məntiqi, bu ölkənin dayanıqlı sülhdə maraqlı olmadığını və yalnız bu vəziyyəti gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant kimi saxlamağa çalışdığını göstərir. Bununla yanaşı, Ermənistanın keçmiş münaqişənin qalığı olan Minsk qrupunun rəsmi ləğvinə qarşı olan cəhdləri, prosesi sülh sazişi ilə bağlamağa çalışması, bu ölkənin Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanın milli təhlükəsizliyinə birbaşa təhdid olan Konstitusiyanın dəyişdirilməsi sülh üçün əsas şərtdir və bunu tələb etmək Azərbaycanın legitim hüququdur".
Siyasi şərhçi Rafail Becanov Sherg.az-a deyib ki, N.Paşinyan Albaniyada bizim İctimai Televiziyaya müsahibəsində Ermənistan konstitusiyası ilə bağlı növbəti yalanını söyləyib. Ekspert vurğulayıb ki, Paşinyan Minsk qrupu ilə bağlı da növbəti aldadıcı vədi ilə hamını çaşdırmağa çalışıb: 
"Hər iki yanaşma Ermənistanın sülhdən yayınmasının aşkar təzahürüdür. Onun dilindən səslənən sülh ritorikası isə məsuliyyətdən yayınmaq cəhdidir. Bu tip açıqlamalarla həm də məsuliyyəti Azərbaycanın üzərinə qoymağa çalışır. Bütün dünya Ermənistanı hazırda qüvvədə olan konstitusiyaya istinad edərək müstəqil dövlət kimi tanıyır. Həmin konstitusiyada isə Azərbaycana və Türkiyəyə ərazi iddiaları konkretdir. Ona görə də bu konstitusiya dəyişmədikcə, hər hansı müqavilənin heç bir əhəmiyyəti olmayacaq. Konstitusiyanı dəyişməməklə bağlı Paşinyanın israrı gələcəkdə Ermənistanı haqlı, Azərbaycan və Türkiyəni isə beynəlxalq aləmdə haqsız tərəf durumunda göstərməyə hesablanır. Bu günün zəif Ermənistanı nə vaxtsa revanşa ümid edir və bu səbəbdən də dəyişikliyə getmək istəmir. Bununla regionda olan sabitliyi də hədəfə almış olur. Əslində, beynəlxalq aləm Ermənistandan real sülh addımları atılmasını tələb etməlidir. Real sülh isə Ermənistanın Azərbaycanın tələblərinə əməl etməsindən keçir".
Siyasi şərhçi Asif Nərimanlı da bildirib ki, İctimai Televiziyanın Paşinyana ünvanladığı sual rəsmi Bakının sülh sazişinin imzalanması üçün irəli sürdüyü son şərtləri özündə əks etdirirdi. Analitikin fikrincə, bu, regionda davamlı sülhün perspektivləri baxımından Azərbaycan ictimaiyyətinin cavab tapmaq istədiyi məsələlərdir:
 "Paşinyan suallara cavabında özü-özünü təkzib edir. Bildirir ki, “Ermənistanda hələlik yeni konstitusiya layihəsi yoxdur” və iddia edir ki, mövcud konstitusiya sülh sazişinin imzalanmasına maneə yaratmır. Həmçinin, sülh sazişi mətnində hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıyır və sülh sazişində “sənəd ratifikasiya olunduqdan sonra heç bir tərəfin onun icrası ilə bağlı öz qanunvericiliyinə müraciət edə bilməyəcəyinə dair” maddə olduğunu deyir. Əvvəlki mövqeyindən əl çəkməyən erməni baş nazir bununla konstitusiya dəyişdirilmədən sülh sazişinin imzalanması mövqeyini təkrarlayır. Halbuki, Paşinyanın verdiyi “zəmanət” kifayət qədər mübahisəlidir, xüsusilə gələcəkdə mümkün hakimiyyət dəyişikliyində erməni revanşistlərin konstitusiya və sənədin istinad etdiyi istiqlal bəyannaməsini əsas götürəcəyi gözləntiləri fonunda. Ermənistanın mövcud konstitusiyasının sülh sazişinin imzalanmasına mane olmadığını deyən erməni baş nazir Minsk qrupunun buraxılması məsələsində əks mövqe sərgiləyir. Paşinyanın Qərbi Azərbaycan məsələsini nəzərdə tutur. Halbuki, azərbaycanlı qaçqınların evlərinə qayıdışı Ermənistana qarşı ərazi iddiası yox, beynəlxalq hüququn tələbidir. Rəsmi İrəvan məsələni “ərazi iddiası” kimi təqdim etməklə qayıdış hüququnu siyasiləşdirməyə çalışır. Erməni baş nazirin cavablarından sual yaranır: sülh sazişi mətnində tərəflərin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıması Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı mövcud konstitusiyasını “problem” olmaqdan çıxarırsa, azərbaycanlıların qayıdış hüququ da problem yaratmamalıdır, o zaman, İrəvan Minsk qrupunun buraxılması məsələsini niyə bu kontekstdə şərh edir?! İrəvanın Bakının tələblərini müxtəlif formalarda şərh etməklə yayınmağa çalışdığı aydındır, Nikol bu dəfə eyni iddiaları Azərbaycan ictimai rəyinə “satmağa” çalışdı. Lakin cavabın nə olmasından asılı olmayaraq, azərbaycanlı jurnalistin sualı bu kontekstdə qurması erməni baş nazirin ilk dəfə Azərbaycan mediasına müsahibəsində Bakının tələblərinə cavab verməyə məcbur edilməsi baxımından önəmli idi".