Həcc ziyarətinə gedən zəvvarların ilk qrupları Məkkə şəhərinə çatdılar

Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarların ilk qrupları Məkkə şəhərinə çatıblar.

Bunu Teleqraf -a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, zəvvarlar oteldə xüsusi formada dini ilahilərlə qarşılanacaq.

"Otellərə yerləşdirildikdən təxmini 1 saat sonra xüsusi servis avtobusları vasitəsilə rəhbərlər onları Hərəmə - Kəbənin olduğu yerə aparacaqlar. Orada 5 vacib əməl - Ümreyi-Təməttö yerinə yetirəcəklər. Zəvvarlar sübh namazına qədər bu əməlləri yerinə yetirib ehramdan çıxmalıdırlar. Bu əməllərə Kəbə evi ətrafında 7 dəfə Təvaf etmək, yəni saat əqrəbinin əksi istiqamətində çevrə vurmaq, Kəbə evinin yanında İbrahim məqamında 2 rükət vacibi-təvaf namazı qılmaq, peyğəmbər əleyhissəlamın sünnətinə uyğun olaraq zəmzəm suyundan içmək, Səfa və Mərvə dağlarına doğru gedib 7 dəfə səy etmək, yəni təxmini 2 km yerimək, daha sonra isə saç və dırnaqdan bir qədər qısaldaraq təqsir edəcəklər. Beləliklə, onlar ehramdan çıxmış olurlar", - V. Cahangiri bildirib.

Qeyd edək ki, 4 qrupdan ibarət zəvvar qrupları bu gün 10:50-də Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşüblər. Onlar təyyarədən Ciddə şəhərinə eniblər.