“Atamı erməni cərrah öldürdü”
“Ən böyük arzum Zəngəzur yolu ilə Naxçıvana getməkdir”
"Peşman deyiləm, hər sınaq məni bu günə gətirdi”
Ölkəmizdə belə insanlar çox deyil. Əksəriyyət tərəfindən sevilən, etibar edilən, etimad göstərilən, inanılan, sayğı duyulan. Ölkəsinə, xalqına, dövlətinə sədaqətli insanlar hakimiyyət üçün xüsusi önəmlidir. Çünki hakimiyyətlə xalq arasında körpü sala bilirlər. Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, ictimai xadim Novella Cəfəroğlu məhz belə layiqli vətəndaşdır.
İnsanlara yardım etməyi həyat kredosuna çevirən, hər müraciətə həssas yanaşan, problemi həll etməyi qarşısına məqsəd qoyaraq nail olan, qətiyyətli, mübariz, sərt göünən, əslində isə ipək kimi xasiyyəti olan Novella xanım həm xalq hərəkatının, həm də ictimai birlik sədri olaraq vətəndaş cəmiyyətinin öncül qadınlarından biri kimi ötən əsrdən üzü bəri minlərlə insanın ümid yerinə çevrilib. Və “ana” titulu qazanıb. Biz ona “Hökumət qadın” da deyirik. Sözü keçərli olduğuna görə.
“Hökumət qadın” Novella Cəfəroğlu 85 yaşına qədəm basdı. Azərbaycan dövlətçiyinin ən həssas, təhlükəli zamanlarına şahidlik etmiş Novella Cəfəroğlu dünyamızın hazırkı kəşməkeşli, qanlı-qadalı vaxtında nə düşünür, arzuları, istəkləri nədir, “ayaqüstü” söhbət etdik.
- Ad günümdə edilən təbriklərə baxdıqca, düşündüm ki həyatı boşuna yaşamamışam. Yüzlərlə insan zəng etdi, gələnlər oldu, adi insanam, amma cox sevindim ki məni sevirlər, mən onları sevdiyim kimi! Çalışmışam hamıya Ana münasibəti, bacı münasibəti göstərəm. Bacaranda kömək etmişəm, bacarmayanda ümid vermişəm. Bizim millət çox saf millətdir, onu qorumaq üçün nə əlimdən gəlirsə bu yaşdan sonra da edəcəyəm.
- Novella xanım, siz adi insan deyilsiniz, bunu deyim, indi sizdən nə öyrənmək istəyirəm deyim. Zahirən güclü, mübariz, qətiyyətli görünən bir insanın da həyatında zəif, sıxıntılı, kədərli zamanları ola bilər və yəqin ki sizin də həyatınızda belə günləriniz olub.
- Atamın 42 yaşında vəfat etməsi həyatımda keçirdiyim ən ağır gün olub. 16 yaşım vardı, Moskvada Kremlyovski xəstəxanasında öldürüldü, bir erməni cərrah tərəfindən. Çünki atam Cəfər Cəfərov Naxçıvanda birinci katib işləyəndə (1950-ci illər) ermənilərin 75 faizini ordan çıxartmışdı. Mircəfər Bağırovun, Mikoyanın zamanında. Buna görə ermənilər ondan qisas aldılar. Bağırov razılaşmışdı atamla, çünki bundan iki il əvvəl Ermənistandan azərbaycanlılar deportasiya edilmişdi. Naxçıvana gəlib yerləşənlər vardı. Deportasiya olunanların bir qismi Bakıya, bir qismi başqa şəhərlərə, rayonlara yerləşdirilmişdi. Həqiqət bu idi. Atam da Naxçıvanda vəzifədə olan ermənilərə büdcədən vəsait də ayırıb onları Naxçıvandan çıxartdı. Amma ərizə yazdırmışdı, erməniyə imza atdırmışdı, o zaman Naxçıvanda ikinci katib erməni idi, ona qol cəkdirmişdi. Atamı bu imza xilas etdi o zaman. Sübut qoydu ortaya ki könüllü gediblər. Bağırova da demişdi, Ermənistanda bizimkilərin boş qalmış evlərinə burdakı erməniləri göndərmişik, bunu etməsək, sabah bizdən torpaq istəyəcəklər. Mən belə bir ailədə böyümüşəm. Anam Bektaşilər nəslindən idi. Atam da, anam da, bütün qohum-əqrabamız hamısı dövləti, milləti sevənlər idi. Ən sevincli günüm isə Azərbaycanın Müstəqillik Aktının qəbul olunduğu gün idi, bir də Qarabağın erməni separatçılardından azad edildiyi gün. Ən duyğusal günümsə... oğlumun dünyaya gəldiyi gün idi. Görün Allah bizlərə necə bir səadət nəsib edib, bətnimizdə insan yetişdiririk, insan dünyaya gətiririk!.. Bu, Allahın möcezəsidir. Bunu hər bir ana, hər bir ata düşünməlidir. Bilirsən, qızım, hər insanın həyatı həm çətin, həm də sevincli anlarla doludur. Mənim üçün də elədir. Ağır günlər, çətin sınaqlar həyatın mənə öyrətdiyi dərslərdir, amma mənə güc verib həmişə. Ən sevincli və fərəhli günlər isə insanlarla paylaşdığım anlardır. Dostlarım və ailəmlə birlikdə gülüb sevincləri bölüşdüyüm günlər. Həyatın dəyəri məhz bu qarışıq anlardadi, həm çətinliyi, həm də sevinci ilə tamamlanır.
- Bəs peşman olduğunuz, “kaş belə edəydim”, dediyiniz vaxtlar necə, olubmu?
- Heç bir günüm üçün peşman deyiləm, çünki hər bir iş, istər bəd olsun, istərsə də xoş bir iş, hamısı sınaqdır, bərkiməkdir, insanları tanımaqdır. Böyüməkdir, öyrənməkdir. Bəzən deyirəm, “gərək belə etməzdim”, amma sonra anlayıram ki, həmin seçimlər məni bu gün olduğum şəxsə çevirib. Ən vacibi, peşmançılığı uzatmamaq və gələcəyə doğru addımlamaqdır.
- Sizə bu günlərdə o qədər xoş arzular deyilib. Özünüzə nə arzlayırsınız?
- Mənim arzularım özümdən çox, millətimiz, dövlətmiz, ölkəm, xalqım, insanlar üçündür. Şəxsi arzularım da bunların içindədir. Dünyada əmin-amanlıq olsun, müharibələr bitsin, Azərbaycanımızı, millətimizi bütün çətinliklərdən qurtaraq, bir-birimizə düşmən kəsilməyək, bir-birimiz sevə-sevə bu gözəl dövlətimizi qoruyaq. Heç bir insanın haqqını tapdalamayaq. Bir də arzum Zəngəzur yoluynan Naxçıvana getməkdir!