Autizmli uşağın gözü qarşısında anasına şiddət: “Qadın təhlükə altındadır”

  • Zorakılıq edən şəxs hələ də sərbəst dolaşır, bu da qadının və uşaqların da taleyi ilə bağlı ciddi narahatlıq keçirməyimizə əsas yaradır

Marketlərdən birində kişinin insanların gözü qarşısında həyat yoldaşını döyməsini əks etdirən görüntülər sosial şəbəkədə paylaşılıb. Video-görüntüdə kişinin həyat yoldaşına fiziki zor tətbiq etdiyi, yerlə sürüyə-sürüyə marketdən bayıra çıxardığı görünür.

Hadisə marketin müşahidə kameraları tərəfindən qeydə alınıb. Ödəmə aparatınını qarşısında baş verən münaqişə qadının qəddarcasına döyülməsiylə nəticələnib. Və daha dəhşətlisi də budur ki, hadisə azyaşlı uşağın – övladlarının gözü önündə baş verib. 

Görüntüləri “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da şəxsi sosial şəbəkə hesabında paylaşıb. Və həmin şəxs barəsində hüquqi çərçivədə tədbir görülməsini xahiş edib. Sherg.az-a açıqlamasında M.Zeynalova qeyd etdi ki, üç uşaq anası olan qadın uzun müddətdir həyat yoldaşının zorakılığına məruz qalır: 

- Sonuncu hadisə isə marketdə, insanların və qadının ən kiçik övladının gözü qarşısında baş verib. Həmin uşaq autizmlidir. Bu zorakı hadisənin onun gözü qarşısında baş verməsi vəziyyəti daha da ağırlaşdırıb. Qadın hazırda təhlükə altındadır, ona qarşı zorakılıq edən şəxs hələ də sərbəst dolaşır, bu da qadının və uşaqların da taleyi ilə bağlı ciddi narahatlıq keçirməyimizə əsas yaradır. Hesab edirəm ki, aidiyyəti qurumlar məsələyə təxirəsalınmaz şəkildə müdaxilə etməli və qadınla üç övladının təhlükəsizliyi təmin olunmalıdır.