Azərbaycanda ən çox işsiz Bakıdadır

Bu ilin oktyabrın 1-nə olan vəziyyətə əsasən, Azərbaycanda qeydiyyatda olan işsiz şəxslərin sayına görə Bakı ilk sıradadır.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.

Belə ki, paytaxtda ümumilikdə 39 236 nəfər işsiz kimi qeydiyyata alınıb.

İşsizlərin sayına görə Bakıdan sonra ikinci yerdə Qarabağ iqtisadi rayonu gəlir. Burada isə 24 510 nəfər işsiz kimi qeydiyyatdadır. Ən çox işsiz Ağdam (6 936 nəfər), Bərdə (6754) nəfər və Füzuli (3 422 nəfər) rayonlarında qeydə alınıb.

Növbəti yerdə Mərkəzi Aran iqtisadi rayonu (21 155), daha sonra Qazax-Tovuz iqtisadi rayonu qərarlaşır (19 678). Qazax-Tovuz iqtisadi rayonu üzrə ən çox işsiz şəxs Şəmkir (6 632 nəfər), Tovuz (4 271 nəfər) rayonlarında müşahidə edilib.

Ən az işsizlik səviyyəsi isə Dağlıq Şirvan iqtisadi rayonunda qeydə alınıb. Burada qeydiyyatda olan işsizlərin ümumi sayı cəmi 7 520 nəfər təşkil edir ki, bu da ölkədəki ən aşağı göstəricidir.

Qeyd edək ki, oktaybrın 1-nə ölkə üzrə qeydiyyatda olan işsizlərin sayı toplam 231 188 nəfər təşkil edib.