Bir kişinin evləndiyi qadının soyadına keçməsi səbəbsiz deyil - SOSİOLOQ

  • "Azərbaycan kişisinin nikaha daxil olduğu xanımın soyadına keçməsi təsəvvürə gəlməyəcək dərəcədə heyrətlidi"
  • "Görünür, “müasirlik” donu geyinənlər üçün milli adət-ənənələr, kişilik obrazı artıq arxa plana keçib. Ön planda maddi maraqlar, yüksək rifah halına nail olmaqdır"

Azərbaycanda cari ilin ilk 6 ayı ərzində nikah bağlandıqdan sonra 18 nəfər kişi həyat yoldaşının soyadını qəbul edib. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, ölkəmizdə 2025-ci ildə 52, 2024-cü ildə 62, 2023-cü ildə isə 109 kişi nikaha daxil olan zaman həyat yoldaşının soyadını qəbul edib.

Bu da daha bir qəribəlik. Görəsən, kişi niyə qadının soyadını qəbul edir?

Sosioloq Mətanət Məmmədova Sherg.az-a açıqlamasında bildirdi ki, cəmiyyətdə son zamanlar baş verən bəzi hadisələr, həqiqətən də, insanı çox təəccübləndirir və heyrətləndirir:

– Evlənən zaman qadının ərinin soyadını götürməsi Azərbaycan xalqına, cəmiyyətimizə xas ənənədir. Lakin görünən budur ki, bu ənənə də son illərdə dəyişmək üzrədir. Cəmiyyətimiz özünə xas olmayan adətləri dəb halına gətirir. Qadın kişinin soyadını götürə bilər və ya əksinə. Əslində, bu, insan hüquqları baxımından normal sayılır. Hər kəs seçimində azaddır. Azərbaycan Respublikasının Ailə Məcəlləsində də belə bənd var ki, hər kəs öz soyadında qala bilər. Amma bizim ailə institutumuzda qadının öz həyat yoldaşının soyadını götürməsi oturuşmuş bir ənənədir. Şəxsən mən bu mövqedəyəm ki, ailə qurarkən qadın da, kişi də öz soyadlarında qalmalıdır. Amma bizim ailə institutumuzda qadının öz həyat yoldaşının soyadını götürməsi oturuşmuş bir ənənədir. Ailə kiminsə soyadını daşımaq üçün qurulmur. Biz bir evdə, eyni çətir altında sevgimizi bölmək, gələcəyimizi birgə qurmaq, eyni mənzildə bir ömür yaşamaq, dünyaya övlad gətirmək, onları birgə tərbiyə etmək, boya-başa çatdırmaq naminə ailə qururuq. Bir-birinin soyadına keçməsini ümumiyyətlə qəbul etmirəm. Kişilərin qadınların soyadına keçməsini isə qəbuledilməzdir. Azərbaycan mentalitetində kişi güc obrazıdır, qüvvət sahibidir. Kişi dedikdə, Azərbaycan cəmiyyətində qadının arxalana biləcəyi, çiynini söykəyə biləcəyi, incə ruhlu qadının güvənə biləcəyi güc olan kişi obrazı vardır. Belə olduğu təqdirdə, nikah zamanı kişinin qadının soyadına keçməsi bizim cəmiyyətdə normal qəbul oluna bilməz.

M. Məmmədova hesab edir ki, nikaha daxil olan kişinin qadının soyadını götürməsi səbəbsiz deyil:

- Ola bilər, həmin kişilərin ilk evliliklərində hansısa problemləri olub, yaxud elə bir ailənin üzvüdür ki, soyadından imtina edir, həyatından çıxarır. Digər tərəfdən, bəlkə qadın mötəbər, yüksək vəzifə sahibidir, kişi onun soyadına arxalanmaq üçün öz soyadından imtina edir, qadının soyadını götürür. Kimlərsə bunu hansısa xarici ölkədə vətəndaşlıq almaq üçün edirlər. Bu yolla xarici ölkədə vətəndaşlıq almaq daha asan olacaq deyə. Psixoloji problem də buna səbəb ola bilər. Bir kişinin evləndiyi qadının soyadına keçməsi heç bir halda səbəbsiz deyil. İstənilən halda belə bir addım cəmiyyətdə, ümumən, xoş qarşılanan hal deyil. Azərbaycan kişisinin nikaha daxil olduğu xanımın soyadına keçməsi təsəvvürə gəlməyəcək dərəcədə heyrətlidir. Görünür, “müasirlik” donu geyinənlər üçün milli adət-ənənələr, kişilik obrazı artıq arxa plana keçib. Ön planda maddi maraqlar, yüksək rifah halına nail olmaqdır.