"İnsan yaşadığı torpaqda dəfn olunmaq haqqına malikdir və bunun üçün heç bir ödəniş etməməlidir. Çünki həmin torpaq həm də vətəndaşın özünündür"
Bakı sakinləri dəfn üçün torpaq axtararkən sanki “obyekt qiyməti” ilə üzləşirlər. Jurnalist Günay Rəsulqızı bir vətəndaşın şikayətini sosial şəbəkədə paylaşıb.
Həmkarımız qeyd edib ki, vətəndaş dayısının dəfni üçün qəbir yerinin 8.000 manata satıldığını söyləyib:
“Elə bil torpaq yox, Bakının mərkəzində obyekt alırıq. Bir anlıq düşündüm ki, bəlkə içində kombi sistemi, isti döşəmə də var. Amma yox, bildiyimiz torpaq.”
Mütəxəssislər bildirirlər ki, urbanizasiya və torpaq çatışmazlığı Azərbaycanda dəfn xərclərinin sürətlə artmasına səbəb olur. Hazırda qəbir yerlərinin qiyməti təkcə Bakı ilə məhdudlaşmır, dünya üzrə də oxşar tendensiya müşahidə olunur.
Dünyanın bir sıra böyük şəhərlərində qəbir yeri xərcləri diqqət çəkir: Manhattan və Bruklində qəbir yerləri 30–100 min ABŞ dolları arasında dəyişir. Hong Kongda məhdud torpaq və yüksək urban sıxlıq səbəbindən kolumbariumlar (urna divarları) geniş yayılıb. Tokyoda isə Urbanizasiya səbəbi ilə 90%-dən çox kremasiya həyata keçirilir.
Azərbaycanda da bu tendensiya nəzərə alınır. Deputat Ceyhun Məmmədov meyitlərin yandırılması üçün kremasiya mərkəzlərinin yaradılacağını açıqlayıb. Mütəxəssislər hesab edir ki, bu, həm torpaq çatışmazlığını, həm də dəfn xərclərini azaltmaq baxımından effektiv addım ola bilər. Maraqlıdır, Kremasiya alternativ kimi möhkəmlənərsə, bazar mexanikası qiymətləri tənzimləyəcək?
AĞ Partiyanın rəhbəri Tural Abbaslı Sherg.az-a bildirib ki, Bakı kifayət qədər böyük əraziyə və geniş torpaqlara malikdir:
“Əhalinin sıxlığına baxanda da görürük ki, müqayisə üçün göstərilən şəhərlərə nisbətən boş torpaq baxımından imkanlarımız qat-qat çoxdur. Manhattan özü balaca bir adadır. Orada böyük göydələnlər var və əhali çox sıx yerləşib. Təbii ki, belə yerlərdə torpaq çatışmazlığı olur. Tokiya da Yaponiyanın ada ölkəsi olması səbəbilə torq sahəsi məhduddur. Burada sadəcə bir-iki nüans var ki, nəzərə alınmalıdır: torpaq yerlərinin satışı qanunsuzdur. İnsan yaşadığı torpaqda dəfn olunmaq haqqına malikdir və bunun üçün heç bir ödəniş etməməlidir. Çünki həmin torpaq həm də vətəndaşın özünündür. Belə çıxır ki, əgər bir vətəndaş dünyasını dəyişirsə və maliyyə imkanı yoxdursa, onun dəfni üçün torpaq tapılmalıdır? Adamın yalnız pul ilə dəfn olunması qəbuledilməzdir”.
Tural Abbaslı əlavə edib ki, şəhərsalma planlarında əhalinin artımı nəzərə alınaraq qəbir yerləri də planlaşdırılmalıdır:
“Komplekslər, minlərlə dollarlıq binalar üçün torpaq tapılır, amma sadə vətəndaşın dəfn olunacağı yer üçün yox. Buna görə kremasiya kimi ideyalar ortaya çıxır ki, bu da milli və dini dəyərlərimizə uyğun deyil. İslam dininə görə vəfat etmiş insan dəfn olunmalıdır. Nə divara hörülməlidir, nə yandırılmalıdır, nə çaya atılmalıdır, nə də başqa bir formada. Dəfn olunmaq üçün isə kifayət qədər yerlər var. Sadəcə olaraq, bu yerlər binalara satılmayıb, qəbir yerləri üçün ayrılmalıdır.
Partiya sədri söyləyib ki, dövlət və bələdiyyələr dəfin mərasimi və xərclərini təmin etməlidir:
“Bələdiyyələr öz rayonunda qeydiyyatda olan vətəndaşların dəfin prosesini təşkili ilə məşğul olmalıdırlar. Dini mərasimlərə uyğun hazırlıq, cənazənin yuyulması, kəfənlənməsi və s.dövlət hesabına həyata keçirilməlidir. Əgər şəhərsalma üçün istifadə olunan yerin kiçik bir hissəsi qəbir yerlərinə ayrılarsa, minlərlə insanın dəfni təmin olunar. Problem sadəcə iradə çatışmazlığıdır. Azərbaycanın kifayət qədər torpağı var. İnsanların son mənzilə rahat yola salınması dövlət tərəfindən təmin olunmalıdır və bu, al-ver xidmətinə çevrilməməlidir”.