- Tural İrfan: “Sözlə əməl arasındakı ziddiyyət cəmiyyətdə yanlış nümunə yaradır”
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədlinin məsciddə Azərbaycanı təmsil edən peşəkar MMA idmançısı Rafael Fiziyevin rəqibi Manuel Torreslə döyüşünü izləməsi və həmin görüntülərin sosial şəbəkədə yayımlanması cəmiyyətdə əks-səda doğurub.
Əhalinin bir qismi din xadiminin məscid kimi müqəddəs məkanda, döyüş xarakterli görüntüləri izləməsini qınayıb. Hətta müəyyən kəsim, onun davranışının İslam dininin prinsiplərinə zidd olduğunu bildirib. Hacı Surxay isə "Qafqazinfo"ya açıqlamasında, qeyri-etik və dinə zidd hərəkət etmədiyini söyləyib.
Mövzu ilə bağlı ilahiyyatçı Tural İrfan Sherg.az-a bildirib ki, islami yanaşmaya görə insanın bədəninə xəsarət yetirən və sağlamlığını təhlükə altına alan istənilən vasitə haram və qadağandır:
“Qaydasız döyüş və boks kimi idman növləri də buna aiddir. Xüsusilə də bu yarışlarda ortada müəyyən məbləğdə pul olur. Tərəflər döyüşdürülür. Həmin pul qalib gələn tərəfə verilir. Faktiki olaraq bu da qumar sayılır. Bəzən qumar deyərkən yalnız masa üstü oyunlar düşünülür. Əslində, qumar anlayışına daxil olan fəaliyyətlərin əhatə dairəsi genişdir. Qalib gələn tərəfin maddi qazanc və ya imtiyaz əldə etməsinə əsaslanan istənilən yarış, qarşıdurma və oyun qumar hesab olunur. Qumarın da islam dininə zidd və haram olduğu hamıya bəllidir”.
ilahiyyatçının sözlərinə görə, İslam dinində nəinki insanların, hətta heyvan və quşların belə bir-biri ilə döyüşdürülməsi haramdır:
“Şiddət xarakterli görüntülərin məscid kimi müqəddəs məkanda izlənməsini təbliğ etmək isə qəbuledilməzliyi bir qədər də dərinləşdirən ayrı bir qəbahətdir. Hazırda ölkədə əhalinin əksəriyyəti Məhərrəm ayına görə matəm saxlayır. Xalqın matəm günlərini qeyd etdiyi vaxtda, din xadiminin məsciddə şiddət ehtiva edən görüntüləri izləməsi və bunun nümayişkaranə şəkildə lentə alınaraq sosial şəbəkələrdə yayılması məqsədyönlü xarakter daşıyır. Görüntülərdə həmin idmançı məzhəb ayrı-seçkiliyinə yönəlmiş şüarlar səsləndirir. Ola bilsin ki, videonu həmin çalarları təbliğ etmək məqsədilə yayıblar”.
Tural İrfan qeyd edir ki, İmam Hüseynin şəhid olduğu Aşura günündən sonrakı üç gün, müəyyən kəsimin dini etiqadına əsasən, İmamın "üçü" olaraq qeyd edilir:
“Din xadimləri kədərli günlərdə əhalini şənlik məclislərindən uzaq durmağa çağırırlar. Buna baxmayaraq, özləri məscidin ortasında qışqırıb, sevinirlər. Bütün bunlar onların sözləri ilə əməlləri arasında ziddiyyət olduğunu göstərir. Cəmiyyətdə sağlam dini maarifləndirmənin təmin olunması, məzhəblər və dinlərarası harmoniyanın qorunması üçün bu kimi neqativ hallar böyük bir qəbahət sayılır. Din xadiminin əməli başqalarının da oxşar üsullardan istifadə etməsinə cığır açır. Bu cür hərəkətlərin qarşısı alınmalı, qan tökən, insana xəsarət yetirən döyüş növlərinin dini baxımdan günah olduğunu bilməyən din xadimlərinə, islamın incəlikləri öyrədilməlidir”.