"Uşaqlara sərhəd və razılıq öyrədilməsə, faciələr qaçılmazdır”
Zamanın dəyişməsi, özü ilə gətirdiyi yeniliklərlə insanların düşüncə tərzini və dünyagörüşünü formalaşdırmaqda həlledici rol oynayır. Lakin bəzi insanlar əsrlər keçməsinə baxmayaraq geridəqalmış fikirlərin əsirindən xilas ola bilmirlər.
Azərbaycanda helə də qızqaçırma hadisələrini normal hal kimi qəbul edənlər var. Bir çoxları bu zorakı əmələ “qədim ənənə” adı altında bəraət qazandırmağa çalışır. Qızqaçırmaya cəsarətli addım kimi baxanların sayı da az deyil. Aprelin 3-də cəmiyyət daha bir zorakı əməlin şahidi oldu. Tovuz rayonunda yaşayan 32 yaşlı Nemət Məmmədov, evlənmək məqsədilə qardaşı və iki həmkəndlisi ilə birlikdə 19 yaşlı qadını zorla qaçırıblar.
Gender bərabərliyinin gücləndiyi müasir dövrdə, zorakı davranışların formalaşmasına təsir edən başlıca psixoloji mexanizmlər nələrdir?
Mövzu ilə bağlı psixoloq Elnur Rüstəmov Sherg.az-a bildirib ki, bu tip hadisələrə yalnız hüquqi və sosial problem kimi deyil, eyni zamanda ciddi psixoloji fenomen kimi də yanaşmaq lazımdır: 
“Qız qaçırma davranışı əslində bir neçə psixoloji mexanizmin üst-üstə düşməsi nəticəsində formalaşır. Bu məsələ üzərində fərdi psixoloji xüsusiyyətlərlə, sosial mühitin təsiri paralel şəkildə işləyir. Qız qaçıran şəxslərin psixoloji portretinə nəzər saldıqda, ilk növbədə diqqəti cəlb edən xüsusiyyətlərdən biri onların impulsiv davranışa meyilli olması və məsuliyyət hissinin zəif inkişaf etməsidir. Belə şəxslər adətən münasibət qurmaqda çətinlik çəkir, emosional yetkinlik səviyyəsi aşağı olur və rədd edilməyə qarşı dözümsüzlük nümayiş etdirirlər. Onlar üçün qarşı tərəfin razılığı və sərhədləri ikinci planda qalır”.
Psixoloqun sözlərin görə bu davranışın arxasında çox zaman “mən istəyirəmsə, deməli olmalıdır” kimi eqosentrik düşüncə dayanır:
“Bəzi hallarda isə bu, aşağı özünəinamın kompensasiyası kimi çıxış edir. Yəni şəxs normal sosial yollarla münasibət qura bilmədiyi üçün zorakılığa əsaslanan alternativə yönəlir. Digər mühüm faktor sosial öyrənmədir. İnsanlar davranışları yalnız öz təcrübələri ilə deyil, müşahidə etdikləri modellər vasitəsilə də mənimsəyirlər. Əgər cəmiyyətdə, zorakı hadisələr “adət”, “kişilik”, “cəsarət” adı altında normallaşdırılırsa, bu artıq davranışın psixoloji legitimləşməsinə gətirib çıxarır. Belə halda fərd öz hərəkətini yanlış yox, qəhrəmanlıq kimi qəbul edir”.
E.Rüstəmovun fikrincə, bəzi insanların bu davranışı “cəsarət” kimi görməsi yanlış kognitiv çərçivədən qaynaqlanır:
“Burada zorakılıq və risk alma davranışı romantikləşdirilir. Patriarxal düşüncə sistemi daxilində kişi dominantlığı ilə bağlı köhnə stereotiplər hələ də təsirini saxlayır. Bu stereotiplərə görə kişi “istədiyini əldə etməlidir”, qadın isə seçim subyekti deyil, obyekt kimi qəbul olunur. Nəticədə zor tətbiq etmə, “qətiyyət” kimi yanlış interpretasiya olunur. Halbuki, psixoloji baxımdan bu düşüncə nəzarət ehtiyacının, empatiya çatışmazlığının və sosial bacarıqların zəifliyinin göstəricisidir”.
Psixoloq vurğulayıb ki, zorakı əməllərin qarşısını almaq üçün psixoloji maarifləndirmə yalnız informasiya verməklə məhdudlaşmamalıdır:
“Davranış dəyişimi üçün dərin və sistemli yanaşma tələb olunur. Məktəb yaşlarından başlayaraq uşaqlara şəxsi sərhədlər, razılıq anlayışı, empati və emosional zəka öyrədilməlidir. Gənclərlə aparılan işlərdə münasibət qurma bacarıqları, konfliktin sağlam həlli yolları və rədd edilmə ilə baş etmə mexanizmləri xüsusi vurğulanmalıdır. Eyni zamanda media və sosial platformalar üzərindən verilən mesajlar çox böyük rol oynayır. Bu mövzuda yayılan hər bir kontent ya problemi dərinləşdirir, ya da həllinə xidmət edir”.
E. Rüstəmovun qənaətinə görə, qızqaçırma halları romantikləşdirilməməli və “adət” kimi təqdim olunmamalıdır:
“Əksinə, bu cür halların psixoloji travma yaradan, insan hüquqlarını pozan və zorakılıq xarakteri daşıyan ciddi bir problem olduğu cəmiyyətə aşılanmalıdır. Ailə institutu da burada əsas aktorlardan biridir. Valideynlər uşaqlara erkən yaşlardan seçim azadlığı, qarşılıqlı hörmət və məsuliyyət kimi dəyərləri öyrətməlidir. Çünki bu davranışların kökü çox zaman ailədaxili modellərdən başlayır. Yəni qız qaçırma nə cəsarət, nə də adət-ənənədir. Problemi yalnız cəza mexanizmləri ilə həll etmək çətindir. Bu proses paralel şəkildə psixoloji maarifləndirmə, dəyərlərin transformasiyası və sağlam sosial modellərin formalaşdırılması ilə mümkün ola bilər”.