ABŞ qoşunlarının bir hissəsini Avropadan çıxarmağı planlaşdırır

Pentaqon qoşunlarının bir hissəsini Avropanın müdafiə sistemindən çıxarmaq barədə konkret planlarını iyun ayında NATO-nun Brüsseldəki mənzil-qərargahında təqdim edəcək.

Teleqraf xəbər verir ki, bu barədə "Welt am Sonntag" qəzeti ABŞ Müdafiə Nazirliyinin yüksəkrütbəli rəsmisinə istinadən məlumat yayıb.

Pentaqon rəsmisi bildirib ki, bu addım müttəfiqlərin Avropanın ənənəvi müdafiəsi üçün əsas məsuliyyəti öz üzərinə götürməsi prosesini sürətləndirmək məqsədi daşıyır.

Qəzet qeyd edir ki, Almaniya və digər Avropa müttəfiqləri Vaşinqtonun "baş müdafiəçi" rolundan imtina etmək niyyətindən çoxdan xəbərdar olsalar da, bu prosesin tədricən və əlaqəli şəkildə aparılacağını gözləyirdilər. Lakin ABŞ Avropanı uzunmüddətli keçid dövründən məhrum edir.

"Der Spiegel" jurnalının məlumatına görə, ABŞ administrasiyası birgə çəkindirmə və müdafiə sistemindən qismən imtina etmək niyyətindədir və regiondakı qırıcı təyyarələrinin sayını üçdə bir qədər azalda bilər. Bu ixtisarlar ilk növbədə alyansın çevik reaksiya qüvvələri sistemini — "NATO Qüvvələri Modeli"ni əhatə edəcək.

Hazırda Avropa ölkələrində 80 mindən 90 minədək ABŞ hərbçisi yerləşir. Vaşinqton artıq Almaniyadakı 38 minlik kontingentindən 5 min hərbçini çıxaracağını bəyan edib və Polşaya planlaşdırılan 4 minlik hərbi qüvvənin göndərilməsini ləğv edib. Hər iki qərarın NATO ilə məsləhətləşmədən, birtərəfli qaydada qəbul edilməsi təşkilat daxilində yeni etimad böhranına yol açıb.