“Azərbaycanda tütünə qarşı mübarizə ürəkaçan səviyyədə deyil” - AİB sədri

"Azyaşlıların sağlamlığı üçün tütün məhsullarına sərt nəzarət vacibdir”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 1988-ci ildən etibarən hər il mayın 31-i Ümumdünya Tütünsüz Günü kimi qeyd edilir. Bu günün qeyd olunması diqqəti tütündən istifadənin sağlamlıq üçün yaratdığı təhlükələrə yönəldir və dövlətləri tütün istehlakının miqyasının azaldılması üzrə effektiv siyasət aparmağa çağırır.

ÜST bu il Ümumdünya Tütünsüz Gününü gənclərin bu zərərli vərdişdən qorunmasına həsr edib. ÜST xəbərdarlıq edir ki, tütün və nikotin şirkətləri öz məhsullarını xüsusilə yeniyetmələr və gənclər üçün daha cəlbedici, istifadəsi daha asan və tərgitməsi daha çətin olacaq şəkildə qəsdən layihələndirirlər. Bildirilib ki, tütün istifadəsi hər il 7 milyondan çox insanın ölümünə səbəb olur. Bu, dünyada qarşısı alına bilən ölüm səbəblərindən biri olub ürək-damar xəstəlikləri, tənəffüs xəstəlikləri və 20-dən çox xərçəng növü ilə əlaqəlidir. ÜST dünyanın 1 milyarddan çox tütün, elektron siqaret və nikotin qəlyanaltısı istifadəçisini ilk addımı atmağa və 31 mayda asılılıqdan azad olmağa çağırır. Dünya üzrə 13–15 yaş arasında azı 40 milyon uşaq tütün məmulatından istifadə edir və gənclər arasında elektron siqaret və nikotin qəlyanaltılarının (nikotin pouçları) istifadəsi artmaqda davam edir.

Tütün epidemiyası ilə mübarizə sahəsində dünya ölkələrində olduğu kimi Azərbaycanda da səylər göstərilir. 2005 ci ildə Azərbaycan Respublikasının ÜST nin “Tütünə qarşı mübarizə haqqında” Çərçivə Konvensiyasına qoşulması, tütünlə mübarizə üzrə qanunvericilik bazasının daim gücləndirilməsi və təkmilləşdirilməsi istiqamətində aparılan zəruri addımlar ölkədə tütünə qarşı mübarizə sahəsində və insanların tütün tüstüsünün törətdiyi təhlükələrə qarşı cavab tədbirləri bariz nümunələridir.

Qeyd edək ki, 2017-ci il dekabrın 1-də Azərbaycanda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun qəbul edilib. Bu sənədin icrası üzrə həyata keçirilən ardıcıl tədbirlər əhalinin sağlamlığının qorunması sahəsində çox mühüm addımdır.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Sherg.az-a açıqlamasında dünyanın əksər ölkələrinin siqaret istifadəsinin azaldılması üçün satış və reklam qaydalarını ildən-ilə sərtləşdirdiyini bildirib. Onun sözlərinə görə, tütün məmulatları ürək-damar xəstəlikləri, ağciyər xərçəngi, xroniki bronxit, insult, şəkərli diabetin ağırlaşmaları və bir sıra digər ciddi sağlamlıq problemlərinin yaranmasına səbəb olur: “Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, tütün istifadəsi hər il 7 milyondan çox insanın ölümünə gətirib çıxarır və qarşısı alına bilən ölüm səbəbləri arasında ilk yerlərdə dayanır. Çox təəssüf ki, Azərbaycanda tütünə qarşı mübarizə ürəkaçan səviyyədə deyil: "Tütün və tütün məmulatları haqqında" Qanun bir neçə il əvvəl qəbul olunsa da, onun icrası ilə bağlı ciddi problemlər qalmaqdadır. Qanunvericilikdə tütün məmulatlarının məktəblərin, səhiyyə müəssisələrinin yaxınlığında və tək-tək satışına qadağalar nəzərdə tutulsa da, praktikada bu tələblər tez-tez pozulur. Marketlərdə siqaretlərin açıq şəkildə nümayiş etdirilməsi xüsusilə yeniyetmələr və gənclər üçün bu məhsulların əlçatanlığını və cəlbediciliyini artırır. Halbuki bir çox ölkələrdə tütün məmulatlarının vitrinlərdə açıq nümayişi qadağan olunub, məhsullar xüsusi qapalı bölmələrdə saxlanılır və yalnız alıcının tələbi ilə təqdim edilir”.

Bütün dünyanın tütünə qarşı mübarizə apardığını xatırladan AİB sədri qeyd edib ki, siqaret təkcə onu çəkən şəxsin deyil, ətrafdakı insanların da sağlamlığına zərər vurur: “Passiv siqaret çəkmə nəticəsində uşaqlar və yaşlılar da müxtəlif tənəffüs və ürək-damar xəstəlikləri riski ilə üzləşirlər. Buna görə də tütün məhsullarının açıq satışına məhdudiyyət qoyulmalı, azyaşlılara satış üzərində nəzarət gücləndirilməli və antitütün təbliğatı daha geniş miqyasda aparılmalıdır".

Ekspertin fikrincə, məktəblərdə, ali təhsil müəssisələrində, valideyn komitələrində və ictimai məkanlarda maarifləndirmə tədbirlərinin artırılması, tütünün insan orqanizminə vurduğu zərərlərlə bağlı məlumatlandırmanın gücləndirilməsi gələcək nəsillərin sağlamlığının qorunması baxımından vacibdir.