Sevindim ki o gənc qızımız səhvini başa düşüb, üzr istəyib - Novella Cəfəroğlu

  • "Ən azından digər insanların hisslərinə hörmətlə yanaşılmalıdır və hər bir məkanın xüsussiyyəti nəzərə alınıb, ona uyğun davranılmalıdır"

Naxçıvana səfəri zamanı qısa geyimdə Əshabi-Kəhf önündə video çəkib paylaşan bloger Həmidə Səlimova tənqidlərlə üzləşdikdən sonra üzr istəyib və videonu arxivə atdığını bildirib. Və “heç kimi incətmək niyyətim olmayıb. Əgər buna səbəb olmuşamsa, üzr istəyirəm” yazıb. Üzrxahlığında bloger yazıb ki, ilk dəfə idi Naxçıvana səfər edirdi və məqsədi bu gözəl şəhəri auditoriyasına tanıtmaq idi. Hər kəsin inancına və dəyər verdiyi məkanlara hörmətlə yanaşır. 

Bloger xanımın üzrxahlığı qəbul ediləndir. Təki bir çoxları da müqəddəs məkanların dəyərini və insanların belə məkanlara yüksək dəyər verdiyini, həssas yanaşdığını anlayaydı. Son zamanlar insanlarımız aşırı dərəcədə özgür olmağa can atırlar. Harada, hansı məkanda olduqlarının fərqinə varmır və ətrafdakılardan anlayışlı olmalarını gözləyirlər. Halbiki özləri ilk növbədə anlayış göstərməli, məlum dəyərlərə hörmət etməlidilər ki onlara da hörmət edilsin. 

D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri, əslən Naxçıvandan olan Novella Cəfəroğlu Əshabi-Kəhfin təkcə naxçıvanlılar üçün deyil, bütün Azərbaycan və hətta dünya üçün xüsusi önəm daşıyan məkan olduğunu dedi: 

- Əshabi-Kəhf sıradan bir yer deyil. Bu yer haqqında müqəddəs kitabımız Qurani-Kərimdə xüsusi surə var – Kəhf surəsi. Mağara adamları. Surənin 22-ci ayəsində bu barədə belə deyilir: "Onlar üç nəfərdir, dördüncüsü isə itləridir!”– deyəcəklər. Bəziləri də gizli qalan bir şey haqqında zənnə qapılaraq: “Beş nəfərdir, altıncısı isə itləridir!”– deyəcəklər. Digərləri isə: “Yeddi nəfərdir, səkkizincisi isə itləridir!”– deyəcəklər. De: “Onların sayını Rəbbim daha yaxşı bilir. Onları (insanlardan) olduqca az kimsə tanıyır...”. Ümumiyyətlə, bu surə çox böyük həqiqətlərə işıq salır. Qurani-Kərimdə bu cür açıq ayələr olan bir yer, məkan müqəddəsdir, dünyanın dörd bir yanından oranı ziyarətə gəlirlər. Naxçıvanlılar üçün də ora müqəddəs, toxunulmaz bir yerdir. Kimsə orada uyğunsuz hərəkət edirsə, məkanın müqəddəsliyinə zidd geyimdə gəlirsə, bu, yerli əhalini qıcıqlandırır. Bunu nəzərə almaq lazımdır. Hara gedirsən, necə bir yerə gedirsən, insanların o yerə münasibəti necədir? Biz gərək belə məsələlərdə diqqəli olaq, həssas davranaq. Kimsə Avropada kilsəyə açıq-saçıq geyimdə daxil olub foto çəkdirə bilməz. Demokratik ölkələrdir, amma inanclarına hörmət edirlər, gələnlərdən də bunu tələb edirlər. Bizdə təəssüf ki son illərdə yanlış bir davranış görünür. Mən belə istəyirəm, belə geyinirəm, belə edirəm. İstəyirsən istə, evində, öz ailənin içində, doğmalarının əhatəsində elə. Demirəm, qapanaq, insan haqlarına hörmət etməyək. Amma hər şeyin bir həddi, hüdudu var, olmalıdır. Ən azından digər insanların hisslərinə hörmətlə yanaşılmalıdır və hər bir məkanın xüsussiyyəti nəzərə alınıb, ona uyğun davranılmalıdır. Sevindim ki o gənc qızımız səhvini başa düşüb, üzr istəyib. Afərin ona. Mədəni insan belə olmalıdır, gedəcəyi yer haqqında məlumat əldə etməlidir. Olsun lap inkişaf etmiş Avropa ölkəsi, turistik məkan. Oranın tələbləri nədir, hansı xüsusiyyətlərə malikdir, gərək əvvəlcə öyrənəsən ki sonra problem olmasın.