"Yetimlər yadımıza düşmür, amma kreditlə toy edirik. Pul gözləri bağlayıb, xeyirxahlıq unudulub"
Türkiyənin Şanlıurfa bölgəsində keçirilmiş toy mərasimi qeyri-adiliyi və nümunəvi olması ilə yadda qalıb. Bəylə gəlin toya 100 yetim uşaq dəvət edib, masalar arxasında əyləşdirib. Qonaqlardan isə xahiş edilib ki, bəylə gəlinə qızıl zinət əşyaları hədiyyət etmək əvəzinə yetim uşaqlara hədiyyələr alsınlar.
Toydan görüntülər uşaqların sevincini əks etdirib. Sosial şəbəkələrdə yayılna video milyonlarla baxış sayı toplayıb, xeyirxah əməl sahibi olan bəylə gəlin isə alqış qazanıb. Təbii ki, “bıs bizim toylarda niyə bu cür xeyirxah əməllər icra olunmur” sualı yaranır. Əslində, cavab demək olar, bəllidir. Hər halda, sosioloqun fikrini dinləyək.
Sosioloq Mətanət Məmmədova “Sherg.az”a açıqlamasında bildirdi ki, bu məsələdə hər iki ölkə- Azərbaycan və Türkiyənin toy mərasimləri dərindən analiz edilməlidir:
- Mən İstanbulda düzənlənmiş bir toy mərasimində iştirak etmişəm. Orda belədir ki, ancaq kiçik xrəclərlə keçirilir. Təmtəraqlı olur. Sadəcə masada bir neçə növ şirniyyat və şirin sular qoyulur. Bizdə isə insanlar banklardan kredit götürüb, masanı doldurur, təmtəraqlı toy mərasimi təşkil edir. Sonra da kreditdən yaxa qurtara bilmirlər. Harda ki toy xərcləri azdır, uşaqları dəvət edib onları sevndrimək, eyni zamanda onlara toy ənənələrimiz barədə məlumat almaq imkanı yaratmaq olar. Uşaq müəssisələrində böyüyən uşaqlar toy ənənlərini bilmirlər, çünki belə məclislərdə demək olar iştirak etmirlər. Amma toy mərasimlərinə bu uşaqlar dəvət edilsələr, onlar da xalqımızın milli adət-ənənələrini görər, tanış olar, üzləri gülər, ürəkləri açılar, həm də bu, böyük savab bir iş olar. Milli adət-ənənə dedikdə, heç bir halda hazırkı toy məclisləri nəzərdə tutulmamalıdır. Hazırkı toylarımız milli adət-ənənələrmizdən çox uzaqdır, yaddır. Qardaş Türkiyədə toy xərcləri çox aşağıdır. Bizdə isə xərclələrin böyük olması, qonşudan, qohumdan geri qalmamaq prinsipi o həddə gətirib çıxarıb ki ifrata varılır. Türkiyədən gəlib bizim toylarda qonaq olanlar heyrət edirlər bu vəziyyətə. Təəccüb edirlər ki bu qədər də israfçılıq olarmı? Bizdə kiminsə ağlına da gəlmir ki yetim, kimsəsiz uşaqları toya dəvət etsin. Varlı şəxslərin gözünü pul pərdələyib. Belə xeyirxah əməllər heç yadlarına da düşmür. Aşağı təbəqə də toya xərclədiyi pulu qarşılamağa, bacardıqca az ziyana düşməyə çalışır, toyda yığılan pulun böyük hissəsini şadlıq evinə ödəyir, yerdə qalan az məbləği də, hələ qalıbsa, ya evlənənlərə verirlər, ya da krediti bağlayırlar. Əvvəlcə toy mərasimlərimizin forması, keçirilmə qaydası dəyişməlidir, ondan sonra yetimlər bəlkə kiminsə yadına düşər.
M.Məmmədova qeyd etdi ki, Türkiyədə keçirilmiş sözügedən toy mərasimi nümunəvidir. Həm uşaqlara qayğı göstərilməsi, həm də toy ənənələri ilə tanışlıq baxımından:
- Bu cür toyları bizdə də etməyə maddi cəhətdən qadir insanlarımız var. Burada böyük məbləğ lazım da deyil. Orta səviyyədə hədiyyə təqdim etmək imkanlı şəxslər üçün asan bir işdir. Amma bunu etməyə qeyrət, istək lazımdır. Kaş ki bizim ölkədə də belə toylar olsun. Bunu müşahidə edək və “afərin” deyək.
Sosioloq qeyd etdi ki, qardaş Türkiyənin efirindəki seriallarda toy ənənələrinin nümayişi səhnələrinə tez-tez rast gəlinir. Bu da müsbət haldır:
- Bəs bizim tv-lərdə, sosial medaida hansı toylar nümayiş olunur, hansı görüntülər yayılır? Ancaq israfçılıq, təmtəraq. Qazanların asılması, masaların doldurulması, bahalı avtomobillər, bahalı geyimlər... Azərbaycanın milli toy ənənələri klassik filmlərimizin bir neçəsində əksini tapıb. “Bəyin oğurlanması” filmi də onlardan biridir. Amma belə filmlər daha çəkilmir. Toy ənənələrimiz də getdikcə daha çox dəyişikliyə uğrayır, itib gedir.