"DİN-in müraciətində tam doğru olaraq vurğulanır ki, şiddət bir evin divarları arasında qalan şəxsi problem deyil, cəmiyyətin təhlükəsizliyinə yönəlmiş açıq təhdiddir"
Daxili İşlər Nazirliyi vətəndaşlara qadınlara qarşı zorakılığa biganə qalmamaq çağırışı edib. DİN-in məlumatında bildirilir ki, cinayətlərin, o cümlədən qadınlara və uşaqlara qarşı törədilmiş ailə-məişət xarakterli zorakılıq əməllərinin qarşısının alınması sahəsində aidiyyəti dövlət qurumları ilə birgə mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir. Lakin məişət zorakılığına qarşı mübarizə təkcə hadisə baş verdikdən sonra müdaxilə etmək deyil, həm də profilaktik tədbirlərlə riskləri əvvəlcədən azaltmaqdır.
Bu istiqamətdə həyata keçirilən tədbirlər həm hüquqi, həm sosial, həm də maarifləndirici xarakter daşıyır. “Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, zorakılıq təkcə bir qadının problemi yox, onun qonşusunun, tanışının, şahid olan hər bir vətəndaşın məsuliyyətidir. Sağlam ailə dəyərlərini qorumaq və zorakılığa qarşı qəti mövqe nümayiş etdirmək üçün belə hallarla üzləşən, eləcə də şahidi olan hər kəsə aidiyyəti dövlət qurumlarına məlumat vermələri tövsiyə olunur”, deyə müraciətdə vurğulanır. 
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqamasında bildirdi ki, Daxili İşlər Nazirlyinin vətəndaşlara belə bir məzmunlu müraciət ünvanlaması cəmiyyəti cinayətlərin qarşısının alınamsnda səfərbər etmək məqsədi daşıyır və bu, olduqca müsbət yanaşmadır:
- Məişət zorakılığı tək bir ailənin deyil, cəmiyyətin problemidir. DİN-in müraciətində tam doğru olaraq vurğulanır ki, şiddət bir evin divarları arasında qalan şəxsi problem deyil, cəmiyyətin təhlükəsizliyinə yönəlmiş açıq təhdiddir. Məişət zorakılığı baş vermiş ailənin üzvləri eyni zamanda cəmiyyəti təşkil edən insanlardır. Bu gün hansısa ailədə şiddət, zorakılıq varsa, sabah bu şiddət, aqressiya, zorakılıq cəmiyyətin hər hansı bir digər üzvünə qarşı yönələ bilər. Və yönəlir də. Biz ictimai yerlərdə insanların zorakı davranışını, şiddətə hansı dərəcədə meylli olduğunu görürük. Bunun kökü təbii ki ailədən gəlir. Əlbəttə, sosial amillər çoxdur. Amma ailə cəmiyyətin formalaşmasında əsas aparıcı rola malikdir. Məişət zorakılığı, qadına qarşı zorakılıqda stereotiplərdən qurtulmaq vacibdir. Zorakılığa məruz qalan hər bir qadın “ailə içində olur belə şeylər”, “El nə deyər?”, “Qonum-qonşu bilməsin”, “Bir az döz, düzələr” kimi ifadələrlə mütləq rastlaşır. Bunu həm özünə təlqin edən qadınlarımız var, həm də doğmalarından, valideynlərindən, qohum-əqrəbadan eşidənlər, onları məsləhətini dinləyənlər. Amma məsləhətlər heç də hər zaman düzgün olmur və müsbət nəticəyə gətirib çıxarmır. Əgər ailədə zorakılıq daimi xarakter daşıyırsa, bunun nə vaxtda öz-özünə bitəcəyinə ümid etmək yanlışdır və belə gözləmə sonda ailə faciələri ilə nəticələnə bilər. Susmaq problemi həll etmir, onun davam etməsinə və daha da dərinləşməsinə şərait yaradır. Təkcə zorakılığa məruz qalmış şəxs yox, ətrafdakılar buna qarşı duyarlı olmalı, şiddətin qarşısının alınması üçün həmrəylik nümayiş etdirməlidirlər. Erkən nikah hadisələri də məhz bu susqunluq, problemə “ailədaxili məsələ” kimi yanaşılmasından baş verir. Cəmiyyətin sağlam gələcəyini təhdid edən hər bir problemə ailədaxili deyil, cəmiyyətin ümumi problemi kimi yanaşılmalıdır.
M.Zeynalova bildirdi ki, DİN-in “102” Xidməti-Zəng Mərkəzi, “E-polis” mobil tətbiqində “102 SOS” funksiyası və sosial şəbəkə hesabları bu qəbildən olan cinayətlərin vaxtında qarşısının alınmasına, zorakılıq etmiş şəxslərin cəzasızlığına yol verilməməsi üçün adekvat tədbirlərin görülməsinə xidmət edir. Vətəndaşlar özləri və ya başqa birisinin zorakılıq halları ilə üzləşdiyini gördükdə hüquq-mühafizə orqanlarına, xidmət mərkəzləri, “Qaynar xətt”lərə müraciət etməlidir.