Rusiya regiondan asanlıqla çıxmayacaq -ANALİTİK

Paşinyanın 99 illik “Tramp yolu” icarəsi Moskvanı qıcıqlandırdı
Rusiya Xarici İşlər Nazirliyi "Tramp Marşrutu" layihəsinin (Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizi - red.) detallarını öyrənmək niyyətindədir. Bu barədə Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev bildirib. Onun sözlərinə görə, Mariya Zaxarovanın avqustun 9-da dərc olunmuş şərhində hər şey açıq şəkildə öz əksini tapıb: "Biz bu mövqedən çıxış edirik. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illərdə imzalanmış üçtərəfli sazişlər toplusuna gəlincə, onlar aktuallığını qoruyub saxlayır, çünki tərəflərdən heç biri onlardan geri çəkilməyib. Biz Ermənistanın bütün sahələrdə normallaşmasına yardım etməyə hazırıq. Bunu həm nazirliyin rəhbərliyi, həm də ölkə rəhbərliyi dəfələrlə bildirib. "Tramp yolu"na gəlincə, belə demək mümkünsə, öz mövqeyimizi qoruyuruq. Rusiya Xarici İşlər Nazirliyi hələlik ictimaiyyətə açıqlanmayan layihənin təfərrüatlarını öyrənəcək. Artıq qeyd etdiyimiz kimi, Cənubi Qafqazda bu işə xarici qüvvələrin cəlb edilməsi sülh gündəminin irəliləməsinə təkan verməli, yeni problemlər və bölücü xətlər yaratmamalıdır". Rusiya rəsmisi qeyd edib ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü və Sünik bölgəsində Rusiya sərhədçilərinin olması kimi amillərin də nəzərə alınması zərurətini bəyan ediblər: "Regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı qərarlar hazırlanarkən və qəbul edilərkən bu hallar nəzərə alınmalıdır". 
Politoloq Əli Oruclu Sherg.az-a deyib ki, Ermənistanın yürütdüyü qeyri-müəyyən və sistemsiz xarici siyasəti onun özünü mürəkkəb bir vəziyyətə salıb. Ekspert vurğulayıb ki, bir tərəfdən Ermənistan Rusiyanın patronajlığı ilə qurulan hərbi, siyasi və iqtisadi birliklərdə təmsil olunur, digər tərəfdən isə Avropatlantika məkanı ilə əməkdaşlığa can atır:
 "İrəvan Rusiyanın hərbi bazası yerləşən Ermənistanda ABŞ qüvvələrinə "yaşıl işıq" yandırır. Əlbəttə, belə hallar region üçün də əlavə problemlərə yol açır. 8 avqustda Vaşinqtonda imzalanan üçtərəfli sənədlərdə Ermənistanın "Tramp yolu" adlandırılan Zəngəzur dəhlizini 99 il müddətinə ABŞ-yə icarəyə verməsi Moskvanı qıcıqlandırmaya bilməzdi. Təsadüfi deyil ki, sənədlər imzalanandan dərhal sonra Rusiya XİN sözçüsü 2020-ci il 10 noyabr Rusiya-Azərbaycan-Ermənistan arasında imzalanmış bəyanatın 9-cu bəndini, Ermənistanın İranla sərhədlərini Rusiya sərhədçilərinin qoruduğunu və Aİİ üzvü olduğunu açıq şəkildə İrəvana xatırlatdı. Bu, diplomatik dildə "Tramp yolu"na Moskvanın qarşı çıxması və kommunikasiya xəttinə mane ola biləcəyini anlatmaqdır". 
Analitikin fikrincə, Moskvanın əlində istinad edəcəyi hüquqi baza qalır: 
"Nə qədər ki, İrəvan Aİİ, KTMT və 10 noyabr Bəyanatının 7-ci bəndindən imtina etməyib, Rusiya "Tramp yolu"nun normal işə düşəcəyinə maksimum dərəcədə mane olmağa çalışacaq. Paşinyan "Tramp yolu"nun ABŞ-yə icarəyə verilməsi ilə bağlı digər vəzifə və mexanizmləri Moskva üçün aydınlaşdırmalıdır. Bunu nə qədər tez həll etsə, qaranlıq qalan məsələlərə aydınlıq gətirilər. Bir məsələ aydındır ki, Moskvanın regiondan çıxması heç də asan olmayacaq".