Azərbaycan təyyarəsi illər sonra İrəvana endi -RƏYLƏR

Sülhün qapıları taybatay açılır 
Fərhad Məmmədov: “Artıq sülh prosesində vasitəçilər yox, tərəflər özləri məsuliyyət daşıyırlar”
Ramil İskəndərli: “Vətəndaş cəmiyyətinin sülhə töhfəsi başlanıb, mexanizmlər artıq formalaşır”
Rəşad Məcid: "İndi məqam yetişib, erməni jurnalistlər Bakıya gəlməlidirlər"
Samir Əsədli: "Sülh sadəcə dövlət başçılarının imzaladığı sənədlərlə tamamlanmır"
İrəvanda Azərbaycan və Ermənistan arasında etimad quruculuğu istiqamətində mühüm addım atıldı. İlk dəfə olaraq hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə görüş keçirildi. Dəyirmi masada Azərbaycan tərəfini vətəndaş cəmiyyətinin nümayəndələri - Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İskəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva, Ermənistan tərəfini isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər. Azərbaycan və Ermənistan arasında aparılan danışıqların yalnız siyasi müstəvidə deyil, ictimai səviyyədə də dəstəklənməsi ehtiyacına diqqət artır. Azərbaycanda fəaliyyət göstərən QHT-lərin Ermənistana səfərinin reallaşması olduqca əhəmiyyətlidir. Çünki sülh danışıqları kontekstində qarşıda duran əsas vəzifələrdən biri də tərəflər arasında etimad mühitinin gücləndirilməsidir. Etimad mühitinin möhkəmləndirilməsi və cəmiyyətlərarası barışığın təşviqi üçün vətəndaş cəmiyyəti institutları arasında dialoq platformalarının yaradılması da mühüm istiqamətlərdən biri sayılır. O səbəbdən belə görüşlər təkcə diplomatik masada deyil, həm də ictimai səviyyədə sülhə dəstəyin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. İki ölkə arasında etimadın möhkəmləndirilməsi prosesinin artıq siyasi dairələrlə məhdudlaşmaması, cəmiyyətlərin birbaşa ünsiyyət qurmağa başlaması yeni mərhələnin başlanğıcını göstərir. Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşü və parlament sədrlərinin dialoqu Vaşinqtonda start verilmiş sülh prosesinin, sadəcə kağız üzərində qalmadığını ortaya qoyur. 
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni hazırlanıb və bu sənəddə sülh quruculuğuna dair mexanizmlərin tətbiqi nəzərdə tutulur. Həmin mexanizmlərdən biri də vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıq ola bilər. Bu əməkdaşlığa gənclər, qadınlar və sülh quruculuğu sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları daxil edilə bilər. Onların birgə müzakirələri, atacaqları ortaq addımlar və müxtəlif maneələrin aşılması istiqamətində həyata keçirəcəkləri təşəbbüslər sülh prosesinə mühüm töhfə verə bilər. Beynəlxalq təcrübədə bu kimi təşəbbüslərə geniş şəkildə rast gəlinir. Azərbaycan danışıqlar müddətində hər zaman sülhə hazır olduğunu nümayiş etdirib. Bu, uzun bir yolun başlanğıcıdır. 30 illik münaqişənin yaratdığı dərin uçurumdan sonra ilk kövrək addım vacib funksiyanı yerinə yetirir. Bu təmaslar insanlara digər tərəfdə də danışa biləcəkləri, dinləyə biləcəkləri və bəlkə də, gələcəkdə anlaya biləcəkləri insanların olduğunu göstərir. Siyasətçilərin və diplomatların soyuq və rəsmi mətnlərindən fərqli olaraq vətəndaş cəmiyyəti dialoqu birbaşa emosiyalara, fərdi talelərə və insani dəyərlərə toxunmaq potensialına malikdir. Cəmiyyətlərin yaxınlaşması, sülh şəraitində birgəyaşayışın hüquqi-siyasi əsaslarının yaradılması və qarşılıqlı addımlar istiqamətində müzakirələrin aparılması dialoqun əsas mahiyyətini təşkil edir. Uzun illər Qərb bu sahədə təşəbbüsü öz əlində saxlayıb, öz iradəsini diktə edib. Amma indi Azərbaycan və Ermənistan heç bir kənar müdaxilə olmadan etimad quruculuğu prosesini həyata keçirir. 
"Çox geniş spektrdə mövzular müzakirə olundu"
Görüş iştirakçısı Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov "Şərq"ə deyib ki, Azərbaycan və Ermənistanın rəsmi qurumları görüşün keçirilməsi üçün ikitərəfli formatda şərait yaradıblar. Onun sözlərinə görə, ilk dəfə uzun illər sonra, Azərbaycan təyyarəsi Zvartnots aeroportuna eniş edib:
 "Bu detal yaxın vaxtlarda ikitərəfli münasibətlərdə norma ola bilər. Sirr deyil ki, Azərbaycan və Ermənistanın ekspertləri müntəzəm olaraq müxtəlif layihələr və beynəlxalq tədbirlər çərçivəsində görüşürlər. Lakin bu dəfə ikitərəfli format üstünlük təşkil edib. Azərbaycan təyyarəsinin İrəvana uçuşundan tutmuş, proqramın formalaşdırılması, mətbuata açıqlamanın mətni və digər məsələlər ikitərəfli formatda razılaşdırılıb. Bu, sülh gündəliyi üçün çox vacibdir, çünki özbaşına təşkil olunan görüşlər əlavə məsuliyyət yaradır və sülh prosesinə təkan vermir. Avqustun 8-də Vaşinqtonda imzalanan birgə Bəyanat Azərbaycan və Ermənistan arasında əlaqələrin qurulması üçün çərçivə yaratdı. Tərəflər münasibətlərin səviyyəsinin artırılması üçün tədbirlər görürlər. Bu, asan yol deyil, çünki xarici faktorlar, vasitəçilər yoxdur, bütün işlər ikitərəfli formatda gedir".
 F.Məmmədov vurğulayıb ki, hökumətlər vətəndaş cəmiyyəti nümayəndələrinin sülh prosesinə cəlb olunması üçün kifayət qədər şərait yaradıb:
 "Uzunmüddətli sülh və sabitliyə yönəlmiş məqsəd var. İrəvandakı görüş yüksək səviyyədə təşkil edilmiş, təhlükəsizlik təmin olunmuşdu. Çox geniş spektrdə mövzular müzakirə olundu. Regional geopolitikadan tutmuş, cəmiyyətlərimizi narahat edən mövzulardan bəhs edilib. Qrupun məqsədləri və mümkün birgə fəaliyyət müzakirə olunub. İrəvanda gəzinti də maraqlı idi. Hər gün informasiya mənbələrində gördüyün yerləri, öyrəndiyin şeyləri yerində görmək başqa bir təcrübədir. Gəzinti zamanı hətta təsadüfən efirlərdən tanıdığım jurnalistlə qarşılaşdım. Düzdür, bəzi erməni resurslarında təhqirlər, narazılıqlar da oldu. Bu, indiki dövr üçün normaldır. Hələ çox iş görülməlidir ki, cəmiyyətlər hökumətlərin sülh gündəliyinə öyrəşsinlər. Rəsmi səviyyədə prosesin irəliləməsi üçün qərarlar qəbul edilir. Əgər vəziyyətin sabitləşdirilməsi və davamlı sülhün qurulması üçün şərait varsa, bundan faydalanmaq lazımdır". 
"Vətəndaş cəmiyyəti sülhə öz töhfəsini verməyə çalışır"
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli də "Şərq"ə bildirib ki, görüş müsbət xarakter daşıyıb və tərəflər hər iki ölkənin cəmiyyətlərindəki aktual problemləri müzakirə ediblər:
 "Münasibətlərin inkişafı üçün mexanizmlər, gələcək konkret tədbirlər və görüşlərin davam etdirilməsi perspektivləri müəyyənləşdirilib. Bildiyimiz kimi, Vaşinqtonda keçirilən görüşdən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması barədə razılıq əldə olunub və bu ümumi prosesin bir hissəsi kimi vətəndaş cəmiyyəti də öz töhfəsini verməyə çalışır. Əminik ki, sülh danışıqları və münasibətlərin normallaşması fonunda vətəndaş cəmiyyəti də bu prosesi davam etdirəcək. Həmçinin, qarşılıqlı münasibətlərin inkişafı üçün konkret mexanizmləri həyata keçirəcək. Görüş zamanı iqtisadi, sosial və humanitar xarakterli məsələlər müzakirə olunub, əməkdaşlığın davam etdirilməsinin zərurəti vurğulanıb. Xüsusi diqqət gələcəkdə münasibətlərin planlaşdırılması və həyata keçirilməsi mexanizmlərinə dair təkliflərin hazırlanmasına yönəlib".
"Səfər ilk dəfə olaraq ikitərəfli təşəbbüs əsasında həyata keçirilib"
Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov vurğulayıb ki, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət heyətin Ermənistana səfəri, əslində, tarixi bir mərhələ kimi qiymətləndirilə bilər: 
"İndiyədək hər iki ölkənin müxtəlif ictimai-siyasi xadimləri, jurnalistlər, idmançılar, eləcə də bəzi hallarda deputatların müxtəlif qarşılıqlı səfərləri baş tutsa da, bu dəfə reallaşan səfər ilk dəfə olaraq ikitərəfli təşəbbüs və razılaşdırılmış çərçivə əsasında həyata keçirilib. Bu baxımdan səfəri yüksək qiymətləndiririk. Səfərin əsas məqsədi 8 avqustda Vaşinqtonda baş tutan tarixi görüş və orada imzalanmış Birgə Bəyanamənin ruhuna uyğun olaraq sülh prosesinə vətəndaş cəmiyyətinin töhfəsini müəyyənləşdirmək, həmçinin bu prosesdə fəal iştirak etmək olub. Qrupumuz, ümumilikdə vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup adlandırılsa da, tərkibdə beyin mərkəzlərinin, media orqanlarının və müxtəlif qeyri-hökumət təşkilatlarının təmsilçiləri yer alıb. Bu da bizə qarşı tərəfdəki həmsöhbətlərimizlə hər iki cəmiyyəti maraqlandıran mühüm mövzuları qaldırmaq və konstruktiv müzakirələr aparmaq imkanı yaratdı. Çalışdıq ki, konflikt və mübahisə doğura biləcək məsələlərdən uzaq duraraq daha çox ortaq məqamlara diqqət yönəldək. Təbii ki, bu proses hər iki xalq üçün həssas və emosional məna daşıyır".
"İlkin təşəbbüslərdir, ardınca digər təmaslar da olacaq"
Sülh prosesində vətəndaş cəmiyyətinin iştirakının önəmindən danışan Mətbuat Şurasının İdarə Heyətinin sədri, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid "Şərq"ə deyib ki, QHT nümayəndələrinin İrəvana səfərinə dair məlumatları izləyib. MŞ rəhbəri vurğulayıb ki, həm QHT rəhbəri Fərhad Məmmədovun, həm də "1news.az" saytının baş redaktoru Kəmalə Məmmədovanın səfər barədə fikirləri ilə tanış olub: 
"Mən belə təmasları müsbət qiymətləndirirəm. Hamımız Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağını gözləyirik. Bugünlərdə Azərbaycan ərazisindən tranzit kimi Ermənistana Qazaxıstan taxılı keçirildi. Hesab edirəm ki, münasibətlərin tənzimlənməsi istiqamətində ictimaiyyətdə təbliğat yönündə müəyyən işlər aparılmalıdır. Şübhəsiz ki, vətəndaş cəmiyyətlərinin görüşü bu istiqamətdə tədbirlərin başlanğıcıdır, ilkin təşəbbüslərdir. Bunun ardınca, digər təmaslar da olacaq. Vaxtı ilə Azərbaycanın media nümayəndələrinin Ermənistana səfərləri olub. Qarşılıqlı səfərlər baş tutub. Artıq məqam yetişib ki, yenə də bu cür səfərlər təşkil olunsun. Əlbəttə, arzulayaram ki, Ermənistan KİV nümayəndələri Azərbaycana gəlsinlər, Bakıda olsunlar. Bakının inkişafını gözləri ilə görsünlər. Eyni zamanda işğaldan azad olunmuş torpaqlarda, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri ilə tanış olsunlar. Qarşılıqlı səfərlər həm də etimad mühitinin yaranmasında bir vasitədir. İnanıram ki, bu cür səfərlər davamlı olacaq". 
"Bir-birimizlə yaşamalı, birgə mövcudluğa öyrəşməliyik"
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında rəsmi səviyyədə sülh danışıqları aparılır, kommunikasiya xətləri bərpa olunur, qarşılıqlı etimadın qurulması üçün addımlar atılır. Ekspertə görə, belə bir şəraitdə Azərbaycan vətəndaş cəmiyyəti üzvlərinin Ermənistana səfəri mühüm hadisə idi:
 "Prinsip etibarilə, vətəndaş cəmiyyəti təşkilatları, xüsusilə də sülh, insan hüquqları, mədəni əməkdaşlıq və regiondakı sabitliyin təşviqi ilə məşğul olan QHT-lər bu prosesi dəstəkləyən "xalq diplomatiyası" vasitəsi ola bilər. Bir məqamı da nəzərə alaq ki, hər iki tərəfdən minlərlə insan doğmasını, yaxınını itirib. Milyona yaxın azərbaycanlı öz evindən didərgin düşüb. İnsanların taleyi, həyat məqsədləri dəyişib. Cəmiyyətlərin bu ağrılı mərhələdən keçərək sülh şəraitində yaşamağa uyğunlaşması çox mürəkkəb prosesdir. Amma bütün bunlarla yanaşı, biz qonşu dövlətik və sülh son dərəcə böyük bir prosesdir. Cəmiyyətlərin bir-birini anlaması, postmüharibə dövrünün travmalarını tədricən geridə qoyması, ən azı uyumlu yaşamağı qəbul etməsi vacibdir. Biz qəbul etməliyik ki, nə ermənilər, nə də azərbaycanlılar regiondan gedəcək. Bu, bizim taleyimizdir. Bir-birimizlə yaşamalı, birgə mövcudluğa öyrəşməliyik". 
S.Əsədli bəyan edib ki, gələcəkdə bu cür görüşlər siyasi partiyalar, media mənsubları və gənclər təşkilatları ilə davam etdirilməlidir: 
"Sülh sadəcə dövlət başçılarının imzaladığı sənədlərlə deyil, həm də xalqların bir-birini tanıması və etimadın bərpası ilə mümkündür. Bu baxımdan, ziyalıların, mədəniyyət xadimlərinin, jurnalistlərin və tələbələrin iştirakı ilə keçirilən görüşlər mühüm əhəmiyyət daşıyır. Xüsusən də gənc nəslin sülh mədəniyyətinə yiyələnməsi, ortaq humanitar layihələrdə iştirakı və təhsil mübadilələri regionda yeni etimad mühitinin formalaşmasına mühüm töhfə verə bilər. Unutmaq olmaz ki, sülh prosesi yalnız keçmişi bağışlamaq deyil, gələcəyi birgə qurmaq bacarığıdır. Tarixi ədalət və insanlıq dəyərləri üzərində qurulan sülh gələcək onilliklərin təhlükəsizliyini təmin edə bilər. Bu yolda hər bir ziyalının, jurnalistin, ictimai xadimin və sadə vətəndaşın rolu əvəzsizdir".
"İndi vəziyyət dəyişib. Azərbaycan maraqlıdır ki, proses irəliyə getsin"
Politoloq Mehman Əliyev "Şərq"ə deyib ki, Ermənistanda revanşist qüvvələr müharibənin nəticələrini və sülh prosesini qəbul etmirlər. Ancaq Ermənistanda sülhü, qonşularla əməkdaşlığı dəstəkləyənlər az deyil. Analitik hesab edir ki, Paşinyana Ermənistanda dəstək kifayət qədər böyükdür: 
"Baş nazirin 2026-cı ildə keçiriləcək seçkilərdə şansı çoxdur. Ancaq nəzərə alaq ki, bütövlükdə erməni cəmiyyəti yüzillər boyu müəyyən propoqanda, ideologiya çərçivəsində yaşayıblar. İllər boyu çalışıblar ki, erməni toplumunda azərbaycanlılar barəsində neqativ fikirlər formalaşdırsınlar. Bunu sındırmaq uzun və çətin prosesdir. Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında görüşlər "xalq diplomatiyası" adlanır. Əslində, Azərbaycan tərəfi 2000-ci illərin əvvəllərindən etibarən bu prosesi haqlı olaraq dondurmuşdu. Düzdür, Tbilisidə, Avropa ölkələrində tərəflərin nümayəndələri arasında görüş keçirilirdi. Amma İrəvana gedib-gəlmək yox idi. Çünki Ermənistan tərəfi o zaman bu cür görüşlərlə əvvəlki status-kvonu rəsmiləşdirmək, legitimləşdirmək niyyəti güdürdü. Ona görə Azərbaycan tərəfi buna getmirdi. Lakin indi vəziyyət dəyişib. Azərbaycan maraqlıdır ki, proses irəliyə getsin, İrəvan mövcud status-kvonu qəbul etsin. Paşinyan hökuməti də ictimaiyyət nümayəndələrinin təmasında maraqlıdır. Yəqin ki, proses canlanacaq, genişlənəcək. Ermənistan nümayəndə heyəti də Bakıya gələcək. Əslində, bu gediş-gəliş, ictimai təmaslar hər iki tərəfin xeyrinədir və müsbət prosesdir".
İsmayıl Qocayev