- Zəngəzur dəhlizi regionun taleyini dəyişəcək, Türkiyə və Azərbaycanın mövqeləri güclənir
Cənubi Qafqazda davam edən siyasi və diplomatik proseslər fonunda Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması və dövlət sərhədinin açılması məsələsi yenidən diqqət mərkəzinə gəlib. Bu proses təkcə İrəvanla Ankara arasındakı ikitərəfli münasibətlər baxımından deyil, həm də Azərbaycan-Ermənistan sülh danışıqları və regionda yeni əməkdaşlıq imkanlarının formalaşması kontekstində mühüm əhəmiyyət daşıyır. Ermənistanın Baş naziri Nikol Paşinyanın sərhədin açılması ilə bağlı son açıqlaması da məsələnin həllində Azərbaycanın mövqeyinin və regional diplomatik təmasların rolunu bir daha gündəmə gətirib. Paşinyan brifinq zamanı Ermənistan-Türkiyə sərhədinin mümkün açılması məsələsinə toxunaraq Azərbaycanın bu istiqamətdə müəyyən şərtlərinin olduğunu bildirib. Onun sözlərinə görə, hazırda proses həmin çərçivədə davam edir və İrəvan mümkün həll yollarının tapılması üçün həm Bakı, həm də Ankara ilə danışıqları davam etdirir.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Sherg.az-a bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın bu açıqlamaları Cənubi Qafqazda formalaşan yeni siyasi reallığın və diplomatik dinamikanın mühüm təzahürüdür:
“Türkiyə ilk gündən etibarən Ermənistanla münasibətlərin tam normallaşdırılmasını və sərhədlərin açılmasını Azərbaycan–Ermənistan sülh prosesi ilə birbaşa əlaqələndirir. Ankara Azərbaycanın razılığı olmadan və Bakı ilə İrəvan arasında yekun sülh sazişi imzalanmadan sərhədlərin tam açılmayacağını açıq şəkildə bəyan edib. Azərbaycanın əsas şərtləri arasında sülh sazişinin imzalanması, Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları kimi qiymətləndirilən müddəaların (Müstəqillik Bəyannaməsinə istinadın) çıxarılması və nəqliyyat xətlərinin (Zəngəzur dəhlizi və regional nəqliyyat marşrutlarının) açılması yer alır. Paşinyanın “Azərbaycanın şərtləri var” etirafı İrəvanın Türkiyə ilə münasibətləri Azərbaycan amilindən kənarda, müstəqil şəkildə həll edə bilmədiyini qəbul etdiyini göstərir. Başqa sözlə, Türkiyə sərhədinin açılması prosesinin sürəti birbaşa Bakı ilə İrəvan arasında aparılan danışıqların nəticəsindən asılıdır”.
Politoloq qeyd edib ki, Paşinyan hökuməti artıq regionda davamlı təhlükəsizlik və inkişafın xarici güclərin (məsələn, Rusiyanın və ya Qərbin) təminatları ilə deyil, birbaşaTürkiyə və Azərbaycanla razılığa gəlməklə mümkün olduğunu anlayır:
“İrəvanın Ankara və Bakı ilə birbaşa dialoq qurmaq cəhdi Ermənistanın ənənəvi təhlükəsizlik təminatçısı olan Rusiyadan uzaqlaşmaq və geosiyasi əlaqələrini şaxələndirmək istəyini göstərir. Paşinyan bir tərəfdən ölkə daxilində ictimaiyyəti mərhələli güzəştlərə hazırlayır, digər tərəfdən isə Qərb tərəfdaşlarına Ermənistanın sülhə sadiq və konstruktiv tərəf olduğunu göstərməyə çalışır. Sərhədlərin açılması isə Türkiyənin Cənubi Qafqazdakı siyasi və iqtisadi mövqeyini daha da gücləndirəcək, Ankaranın regionun əsas geostrateji aktorlarından birinə çevrilməsinə şərait yaradacaq. Uzun illərdir Ermənistanın Türkiyə ilə sərhədində Rusiya sərhədçiləri xidmət edir və sərhədin bağlı qalması İrəvanın Moskvadan asılılığını artıran əsas amillərdən biri olub. Normallaşma prosesi Rusiyanın bu təsir imkanlarını zəiflədə bilər. Digər tərəfdən İran regionda Türkiyə-Azərbaycan əməkdaşlığının güclənməsindən və Ermənistanın Qərblə inteqrasiyasının genişlənməsindən narahatdır. Sərhədin açılması İranın Ermənistanın xarici ticarət və tranzit əlaqələrindəki əhəmiyyətini də azalda bilər. Həmçinin Ermənistan 30 ildən artıqdır davam edən iqtisadi təcriddən çıxaraq Türkiyə bazarına və Türkiyə vasitəsilə Avropaya çıxış imkanı əldə edə bilər. Qars-Gümrü dəmir yolunun bərpası və Zəngəzur dəhlizi də daxil olmaqla Şərq-Qərb tranzit marşrutlarının açılması Cənubi Qafqazı Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən “Orta Dəhliz”in mühüm qovşaqlarından birinə çevirə bilər. İqtisadi qarşılıqlı asılılığın və ticarət dövriyyəsinin artması region ölkələri arasında yeni münaqişə risklərini minimuma endirən mühüm təminata çevrilə bilər”.