İrəvanda Avropa Siyasi Birliyinin sammiti və orada Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı avantüra idi.
Bu sözləri “Ermənistan” blokunun baş nazirliyə namizədi, sabiq prezident Robert Köçəryan Eçmiədzində seçki təşviqatı kampaniyası çərçivəsində keçirilən mitinqdə çıxışında deyib.
O, sözügedən sammitdə səsləndirilən fikirlərin “təxribat” xarakterli olduğunu bildirib.
Köçəryan hesab edir ki, belə bir “təxribat”ın məqsədi Avropanın dəstəyini qazanmaqdır ki, onlar ölkədə baş verənlərə göz yumsunlar.
Politoloq Tural İrfan Sherg.az-a Ermənistanın Qərbə, xüsusən Avropa İttifaqına yaxınlaşmasının əsasən Rusiyanı narahat etdiyini söyləyib:

"Ona görə də var gücü ilə Ermənistandakı əlaltılarına komanda verib. Ermənistan müxalifətinin demək olar ki, Rusiya klanından ibarət olması əslində bu ölkə üçün ciddi təhlükədir. Yeni dövlət strukturu, yeni praqmatik siyasi kurs götürən Ermənistan üçün eyni zamanda yeni müxalifət lazımdır. Vaxtilə yalnız Rusiyanın diktəsi ilə hərəkət edən eks prezidentlərin müxalifət cəbhəsində qalması davamlı olaraq Avropa- Rusiya mövzusunda qarşıdurma yaradacaqları görünür. Köçəryan Ukrayna məsələsində də açıq Rusiyanı müdafiə edir və ölkəsini yenidən əsarətə sürükləyir. Moskva Ermənistanda seçkiqabağı ərəfədə aktivlərini işə salaraq mümkün qədər hakimiyyətə can atır. Bu mümkün olmadıqda isə müəyyən təxribat planları vasitəsilə özünə yeni təsir rıçaqları əldə etməyə calışacaq. Avropa Siyasi Birliyinin sammitinin İrəvanda keçirilməsi əslində Ermənistan hakimiyyətinin Rusiyaya mesajı idi. Xüsusilə Ukrayna prezidentinin iştirakı bu məsələdə Ermənistanın tərəfini, cəbhəsini müəyyən edirdi. Eyni zamanda Paşinyan müəyyən qədər balansı qorumağa da can atır".
Politoloq bildirib ki, Köçəryan əsasən Kilsə və uzun müddətdir Rusiyanın təsirində olan din xadimləri vasitəsi ilə siyasi yöndən reputasiya qazanmaq istəyir:
"Ancaq Köçəryanın istiqaməti və xüsusilə Rusiyaya meyli ermənilərdə rəğbət yaratmır. Bir qədər indiki hakimiyyətdən narazı kütlə ola bilsin ona dəstək versin. Lakin ümumi rəy Rusiya təsirindən xilas olmaq, Qərbə inteqrasiya və sülhə tərəfdir. Əslində ölkədə baş verən mənfi hadisələrin kökü və səbəbləri əvvəlki hakimiyyətlərlə bağlıdır. Odur ki, Paşinyanla Köçəryan arasındakı mübarizə əslində Avropa ilə Rusiyanın rəqabətinin nəticəsidir. Dayanıqlı sülh və iqtisadi layihələrin Ermənistanı inkişaf etdirəcəyi və bunun nəticəsində də Paşinyan hökuməti qarşısında həmişə müxalifətdə qalacaqlarını dərk edən müxalifət özündə güc tapmaq üçün Rusiyaya əl açır. Rusiyaya bağlılıq Köçəryan cəbhəsini hər zaman müxalifət olaraq saxlayacaq. Onun hakimiyyətə gəlmək şansı azdır ona görə ki, hazırda regionda gedən proseslərin iştirakçısı və bu məsələlərdə rol alan indi hakimiyyətdir".
Analitikin sözlərinə görə bu proseslərin sağlam davamiyyəti və sülhün rəsmiləşməsi də bir çox dövlətlərin, güclərin marağındadır:
"İstənilən halda Ermənistanda hakimiyyətin dəyişərək tam əks qütbdə dayanan fiqurların başa keçməsinə imkan verilməz. Rusiyanın müxalifətə dəstəyi zəminində məlumdur ki, Avropanın da hakimiyyətə dəstəyi davam edəcək. Təsir əks təsirə bərabərdir. Odur ki, Ermənistanda müxalifətin hakimiyyətə gəlmək perspektivi yoxdur". <Bu mesaj düzenlendi>