“Ermənistan hakimiyyəti artıq praqmatik və uzaqgörən siyasət yürüdür”
Ermənistan parlamenti “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini rədd edib.
Bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumatda bildirilib ki, 58 deputat qanun layihəsinin əleyhinə, 26 deputat lehinə səs verib. 2 deputat isə bitərəf qalıb”.
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında qeyd edib ki, Ermənistan parlamentində “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsinin rədd olunması təkcə texniki bir qanunvericilik proseduru deyil, həm də Ermənistanın regional siyasətində formalaşmağa başlayan praqmatik və rasional yanaşmanın göstəricisidir. Onun sözlərinə görə, bu qanun layihəsinin müzakirəyə çıxarılması və onun arxasında dayanan məqsədlər isə əslində, müxalifət blokunun destruktiv siyasi maraqlarından qaynaqlanır:
“Ermənistan parlamentinin bu təşəbbüsə "yox" deməsi, həm Azərbaycanla yeni yaranmağa başlayan sülh münasibətlərinin qorunması, həm də Türkiyə ilə münasibətlərin gərginləşməsinin qarşısının alınması baxımından strateji əhəmiyyət daşıyır. Siyasi baxımdan bu, Ermənistan hakimiyyətinin müxalifətin seçkiqabağı təxribat xarakterli təşəbbüslərinə qarşı nümayiş etdirdiyi mövqedir.
Müxalifətin “soyqırımın inkarına görə cəza” kimi həssas bir mövzunu parlamentə daşıması sırf daxili auditoriyaya hesablanmış, populist və təxribatçı xarakter daşıyır. Lakin artıq erməni cəmiyyəti də anlayır ki, bu cür təşəbbüslər Ermənistanın regionda əsas söz sahibi olan Türkiyə və Azərbaycanla münasibətlərini qəsdən gərginləşdirmək, sülh prosesini baltalamaq və sabitliyi pozmaq məqsədi daşıyır.
Siyasi baxımdan bu təşəbbüs həm də Ermənistanın geosiyasi təcridə düşmək riski ilə oynamaq deməkdir. Bu gün Azərbaycan və Türkiyə Cənubi Qafqazın əsas regional gücləridir və Ermənistanın gələcək inkişafı, iqtisadi dirçəlişi və təhlükəsizliyi bu iki dövlətlə normallaşma prosesindən keçir. Müxalifətin isə bu prosesi əngəlləmək cəhdləri, əslində, onların hakimiyyətə gəlmək üçün xalqı manipulyasiya etməyə, nifrət üzərindən siyasi qazanc əldə etməyə çalışdığını göstərir”.
M.Əsədullazadənin fikrincə, Ermənistan parlamentinin bir neçə gün öncə Azərbaycanla sülh bəyanatını qəbul etməsi fonunda bu cür qanun layihələrinin gündəmə gətirilməsi, həm də daxili siyasi ziddiyyətlərin və radikal çevrələrin hansı mətləblərə xidmət etdiyini ortaya qoyur:
“Məhz buna görə də bu qanun layihəsinin parlamentdə rədd edilməsi zəruri və vaxtında atılmış addım idi.
Bu qərar bir daha göstərdi ki, Ermənistan hakimiyyəti artıq daha uzaqgörən və balanslı siyasət yürütmək niyyətindədir. Müxalifət isə keçmişin revanşist ritorikasına sığınmaqla, Ermənistanın regionda sabit və dinc bir aktora çevrilməsinin qarşısını almağa çalışır. Lakin erməni xalqı da artıq bu cür boş, keçmişə bağlı çağırışların arxasında gizlənən təhlükəni görür və daha konstruktiv yanaşmanı dəstəkləməyə başlayır”.