Ermənistanın baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi siyasi qüvvənin iyunun 7-də keçiriləcək parlament seçkisində parlamentdə çoxluq yaratmaq üçün kifayət qədər səs toplayacağına ümid edir. Baş nazirin sözlərinə görə, məhz bu, regional sülh kontekstində prosesləri irəlilətməyə imkan verəcək.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Paşinyan hökumət iclasından sonra keçirilən brifinqdə çıxışı zamanı bildirib.
Nikol Paşinyan bəzi müxalifət qüvvələrini Azərbaycanla yeni müharibə hazırlığı görməkdə ittiham edib. Baş nazir bildirib ki, bu qüvvələrin bəziləri nə dediklərini belə başa düşmürlər, çünki bu bəyanatların ən azından bir hissəsi başqa yerdə yazılıb və sadəcə üzdən oxunur.
"Bu partiyalar və qüvvələr, birincisi, sülhə qarşı olmadıqlarını bəyan edirlər, ikincisi isə bildirirlər ki, hakimiyyətə gəldikdən sonra sülhü yenidən nəzərdən keçirməyə başlayacaqlar. Birbaşa demək istəyirəm ki, bu, Ermənistanın təkcə ərazisinin deyil, həm də suverenliyinin itirilməsi ilə nəticələnən müharibə olacaq. Üstəlik, dediklərini başa düşməyən qüvvələr və siyasi xadimlər, əlbəttə ki, Ermənistanda heç bir rəsmi statusa malik olmamalıdırlar. Bütün bu qüvvələr sülhü yenidən nəzərdən keçirmək mövqeyindən çıxış edirlər ki, bu da əslində ən geci payızda qaçılmaz müharibə deməkdir. Düşünürəm ki, bəziləri nə dediklərini belə başa düşmürlər, amma onlar ciddi nəticələrə səbəb olacaq yeni sentyabr müharibəsi hazırlayırlar", - deyə Paşinyan qeyd edib.
Bu qüvvələrin müharibədən nə qazanacaqları ilə bağlı suala cavab olaraq Paşinyan vurğulayıb ki, onlar müharibədən dövlətin hökmdarları kimi deyil, forpostlar kimi faydalanacaqlar, çünki zaman göstərdi ki, bu, onlar üçün maliyyə baxımından sərfəlidir.
Ermənistan
Nikol Paşinyan
Azərbaycan