Paşinyan son Rusiya səfərindən sonra balanslaşdırma siyasətinə keçid etdi - RƏY

  • “İndi isə Ermənistanın gündəmində hansısa iqtisadi məkanı seçməkdən çox, güc balansını idarə etmək dayanır"

Ermənistanın Fransa ilə münasibətləri son illərdə siyasi, hərbi və iqtisadi sahələrdə nəzərəçarpacaq dərəcədə intensivləşib. Rəsmi İrəvan Parisi əsas strateji tərəfdaşlarından biri kimi təqdim etdiyi bir vaxtda, Baş nazir Nikol Paşinyanın Fransanın Milli Bayramı münasibətilə Prezident Emmanuel Makrona ünvanladığı təbrik məktubu da bu xəttin davamı kimi qiymətləndirilir. Paşinyan məktubunda iki ölkə arasında əməkdaşlığın görünməmiş səviyyəyə yüksəldiyini vurğulayaraq, Fransanın Ermənistanın təhlükəsizliyi və Avropa İttifaqı ilə inteqrasiyası istiqamətində oynadığı rolu xüsusi qeyd edib.

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Sherg.az-a bildirib ki, Paşinyan son Rusiya səfərindən sonra balanslaşdırma siyasətinə keçid etdi:

“İndi isə Ermənistanın gündəmində hansısa iqtisadi məkanı seçməkdən çox, güc balansını idarə etmək dayanır. Düşünürəm ki Paşinyan hakimiyyəti bu mövzuda uğurlu bir tendesiya göstərə biləcək. Amma gündəmində heç də təkcə bunlar yoxdu. Əsas hədəf diktatura qurmağa yönələn addımlardır. Bu isə böyük ölçüdə Rusiyanın da, Qərbin də işinə gəlir”.