Müşfiq Ələsgərli: Azərbaycan ədalətli bir dünya üçün çalışır

COP29-un yüksək səviyyədə təşkili bu istiqamətdə töhfələri bir daha təsdiqlədi


  “COP29-a ev sahibliyi edən Azərbaycan, qlobal iqlim mübarizəsində öz yerini möhkəmləndirmək və kiçik ada dövlətlərinə dəstəyini genişləndirmək üçün mühüm addımlar atır”.

 Bu sözləri “Sherg.az"a açıqlamasında  Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli deyib.

  Media ekspertinin sözlərinə görə, Bakıda keçirilən COP29 - Birləşmiş Millətlər Təşkilatının  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası bəşəriyyətin gələcək taleyini  xilas etmək, iqlim dəyişikliklərinin mənfi istiqamətə yönəlməsinin qarşısını almaq üçün yaradılmış bir platformadır: 
“Konfrans çərçivəsində aparılan müzakirələr əsasən iqlim dəyişikliklərinə həsr edilsə də, mahiyyətinə uyğun olaraq, istənilən halda şaxələnir və siyasi, iqtisadi, enerji, nəqliyyat, təhlükəsizlik kimi müxtəlif mövzuları da əhatə edir.  Ev sahibi olaraq Azərbaycan dövləti də COP29 sammitini ən yüksək səviyyədə təşkil etməklə bəşəriyyətə  öz töhfəsini vermiş oldu.  Digər COP tədbirlərindən fərqli olaraq Azərbaycan ev sahibliyi etdiyi 29-cu sessiyada alternativ səslərin eşidilməsi üçün şərait yaratdı. Sammitdə kiçik ada dövlətlərinin iştirakı, onların problemlərinin həlli, maliyyələşdirmə məsələləri ciddi müzakirə predmeti  oldu.  İqlim dəyişmələrindən ən çox əziyyət çəkən, haqq səsləri eşidilməyən  bu dövlətlər üçün Azərbaycan COP29 sammitində yüksək təmsilçilik imkanları  yaratdı. Bilirsiniz ki, kiçik ada dövlətləri, iqlim dəyişikliyinin ən ciddi təsirlərinə məruz qalan ərazilərdəndir. Bu ölkələr qlobal istiləşmənin nəticəsi olaraq su səviyyələrinin artması, quraqlıq və ekstremal hava şəraiti kimi ekzistensial təhlükələrlə üzləşir. Prezident İlham Əliyev çıxışında inkişaf etmiş bütün ölkələrə, o cümlədən  müstəmləkə keçmişi olanlara müraciət edərək, kiçik ada dövlətlərinin qlobal səhnədə səsinin eşidilməsinin və onlara maddi və texniki dəstək göstərilməsinin əhəmiyyətini vurğuladı.
  Dövlət başçısının çıxışında vurğuladığı məsələlərdən biri də kiçik ada dövlətlərində ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün “Azərkosmos” peyk məlumatlarından istifadə etmək məqsədilə Azərbaycanın Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalaması oldu. Bununla yanaşı, Azərbaycan bu ölkələrdəki birgə layihələri dəstəkləmək üçün 10 milyon ABŞ dolları vəsait ayırıb və bununla da, ətraf mühitin qorunmasına daha bir töfhə vermiş oldu”.

  Media eksperti qeyd edib ki, ölkəmizin COP29-a da uğurla ev sahibliyi dünya mediasının  diqqət mərkəzindədir:

 “Belə ki, bir sıra beynəlxalq mətbuatda yayımlanan məqalələr və reportajlarda qeyd olunur ki, Bakıda keçirilən tədbir qlobal iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək xüsusi hadisələr və təşəbbüslərlə yadda qalacaq. COP29-da iştirak etmək üçün paytaxtımıza dünyanın 196 ölkəsindən 72 min iştirakçı gəlib. Bu ölkələrin hər birində sadəcə öz təmsilçilərinin iştirakı barədə  rəsmi  xəbərlərin verilməsi belə  yüzlərlə ölkədə COP29 və onun fonunda Azərbaycan haqqında yüzlərlə məqalənin yazılması deməkdir”.   

  M.Ələsgərlinin sözlərinə görə, COP29-un yüksək səviyyədə təşkili Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı qlobal əməkdaşlığa sadiqliyini və bu istiqamətdə verdiyi töhfələri bir daha təsdiqlədi. Bu, Azərbaycanın təkcə iqlim dəyişikliyinə qarşı mübarizədə deyil, həm də ədalətli bir dünya qurulmasında fəal iştirak etdiyini və qlobal liderlik rolu oynadığını göstərir. Bu addımlar, Azərbaycanın daha yaşıl və dayanıqlı bir dünya qurmağı hədəfləyən qlobal icmanın ayrılmaz bir hissəsi olduğunu təsdiqləyir:

 “Bilirsiniz ki, Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir və bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edir. Ölkə 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30 faizə çatdırmaq və yaşıl enerji sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirir. Digər tərəfdən, Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir. Bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edir. Bu, həmçinin ölkənin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmaq planının mühüm tərkib hissəsidir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair beş milli prioritetindən biri kimi müəyyən edilmiş “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioritetinə uyğun olaraq, ətraf mühitin qorunması və sağlamlaşdırılması, yaşıllıqların bərpası, su ehtiyatlarından və bərpaolunan enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi və biomüxtəlifliyin qorunub saxlanılması istiqamətlərində intensiv işlər görülür. Otuz ilə yaxın müddətdə ekoloji terrora, ekosid və urbisidə məruz qalmış və 44 gün davam edən Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ekosistemin bərpası istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir”.