Professor Adil Qeybulla deyib ki, onkoloji xəstəliklərin icbari tibbi sığorta zərfinə daxil edilməsi elə də asan deyil
Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr, problemləri daha tez həll etmək olar
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov onkoloji xəstəliklərin müalicəsinin İcbari Tibbi Sığorta paketinə daxil edilməli olduğunu bir daha vurğulayıb. Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxış edən millət vəkili qeyd edib ki, səhiyyə xərcləri 2 milyard manata çatdırılıb. Vəsaitin 70,6 faizi İcbari tibbi sığorta fonduna veriləcək. Bu da əhaliyə tibbi xidmətinin səviyyəsini artıracaq. Ən mürəkkəb cərrahi əməliyyatlar, müayinələr bu gün icbari tibbi sığorta ilə əhatə olunub. “Ambulator müalicə alan vətəndaşların dərmanı dövlətdən alması vacibdir. Növbəti ildən dərman vasitələri də icbari tibbi sığorta tərəfindən qarşılanacaq. Bütün tibbi müayinələr icbari tibbi sığorta ilə əhatə olunsa da, dəqiq diaqnoz qoyan müalicə icbari tibbi sığorta ilə qarşılanmır. Onun da bu xidmət tərəfindən qarşılanmasını təklif edərdim", - komitə sədri deyib. Komitə sədri vurğulayıb ki, onkoloji xəstələrin icbari sığortaya daxil edilməməsi anlaşılan deyil: "Samir Şərifova da, səhiyyə nazirinə də bunu demişəm. Onkologiyaya ayrılan vəsait 50 milyon civarında qalıb. Bu gün xəstələrin böyük qrupunu müalicə etmə imkanından məhrumuq. İlk addım olaraq müalicəsi üçün vacib olan dərman preparatları icbari tibbi sığorta öz üzərinə götürsə, yaxşı olar. 5-6 il bu məsələni qaldırsaq da, uğurlu addım atılmayıb". Qeyd edək ki, Ə.Əmiraslanov onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığortaya aid edilməsi məsələsini bundan əvvəl də bir neçə dəfə qaldırıb. O qeyd edib ki, onkoloji xəstəliklərin sığorta ilə əhatə olunmaması anlaşılan deyil. Səbəb bu xəstəliyin müalicəsinin çox maliyyə tutumu olması göstərilir. Lakin təxirə salınmadan onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə edilməsi təmin olunmalıdır, dərman vasitələri sığorta ilə qarşılanmalıdır.
Tibb elmləri doktoru, professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında bildirdi ki, onkoloji xəstəliklərin icbari tibbi sığorta zərfinə daxil edilməsi hər nə qədər vacib görünsə də, bu məsələni həll etmək elə də asan deyil:
- Onkoloji xəstələr üçün spesifik dərman preparatlarının bir qrupu həddindən artıq bahadır. Bunların birdən-birə icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilməsi bu gün ayrılan maliyyə vəsaiti ilə mümkün görünmür. Məsələn, Türkiyədə 2012-ci ilədək bəzi xərclər xəstə ilə dövlət arasında bölünürdü. Xərclərin bir qismi, əlbəttə ki, daha az hissəsi vətəndaşın öhdəsinə düşürdü, böyük hissəsi dövlətin. Amma yenə də xərclər bölündüyündən nə vətəndaşa ağırlıq düşürdü, nə də dövlətə. Bizdə də prosesin heç olmasa mərhələli şəkildə həyata keçirilməsinə başlanmalıdır. Amma onkoloji müalicənin, xüsusi diaqnostik testlərin keçirilməsinin bütünlüklə icbari tibbi sığortaya daxil edilməsi hazırda real deyil.
Professor dərman preparatlarının da çox baha olduğunu xatırlatdı:
- Biz hazırda idxaldan asılı ölkəyik və dərmanlar da çox bahadır. Dərmanların alınması da hissə-hissə icbari sığortaya daxil edilə bilər, lakin bir anda bütün müalicənin daxil edilməsi real görünmür. Onkoloji xəstəliklərin müalicəsi çox böyük xərc tələb edir. Əgər biz onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta ilə qarşılanmasını istəyiriksə, ilk növbədə İcbari Tibbi Sığorta paketinə ayrılan maliyyənin məbləği artırılmalıdır. Özəl sektor da icbari sığortaya cəlb edilməlidir. Bunun üçün də özəl xəstəxanalara, klinikalara icbari sığorta işi ilə məşğul olmaları məqsədilə lisenziyalar verilməlidir. İcbari Tibbi Sığortaya o xəstəxanalar cəlb edilməlidir ki, onlar özəl sektorun qanunlarını deyil, tibbin qanunlarını üstün tutur. Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr, problemləri daha tez həll etmək olar.