Birləşmiş Millətlər Təşkilatının (BMT) insan hüquqları üzrə Ali komissarı Mişel Baçelet ABŞ-ın sərhəd nəzarəti və təhlükəsizlik xidməti əməkdaşlarının Meksika ilə sərhəddə qeyri-leqal miqrantlarla rəftarını tənqid edib.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, M.Baçelet uşaqların saxlanılmasının və valideynlərindən ayrılmasının yolverilməz olduğunu bəyan edib. O deyib: “Pediatr, ana və sabiq dövlət başçısı kimi uşaqların döşəmədə yatması, onların tibbi yardımdan məhrum olması, qidalanmaması, sanitar normalara əməl edilməməsi məni çox narahat edir”.
Ali komissar ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin ölkənin cənub sərhədində vəziyyətlə bağlı hesabatına istinad edib. O vurğulayıb ki, azyaşlıların saxlanılması qəddar və qeyri-insani hərəkət kimi qiymətləndirilməlidir. “Hətta yaxşı şəraitdə və qısa müddətə saxlanıldığında belə, uşaqlara qarşı bu rəftar onların səhhətinə və inkişafına mənfi təsir edə bilər”, -deyə Baçelet qeyd edib. O, ABŞ-ın hakimiyyət orqanlarını qeyri-leqal miqrasiya probleminin həlli üzrə alternativ yollar tapmağa, uşaqları və böyükləri mühafizə altında saxlamaqdan imtina etməyə çağırıb. Ali komissar əlavə edib ki, hər bir dövlətin ölkəyə giriş-çıxışları ciddi nəzarət altına götürmək səlahiyyəti var, lakin sərhədlərin mühafizəsi tədbirləri insan hüquqlarının qorunması öhdəliklərinə əngəl olmamalıdır. O xatırladıb ki, ölkələrini tərk edən bu insanların çoxu aclıq və səfalətdən, silahlı münaqişələrdən qurtulmaq istəyənlərdir, onların xoş rəftara ehtiyacı var.
M.Baçelet ABŞ hökumətini bu məsələdə miqrantların gəldiyi ölkələrin rəhbərlikləri ilə konstruktiv əməkdaşlığa dəvət edib. Onun sözlərinə görə, miqrasiya probleminin həllinin yeganə yolu yoxsulluğun, zorakılığın, ayrı-seçkiliyin və iqlim dəyişikliklərinin mənfi təzahürlərinin aradan qaldırılmasıdır.