İndi müttəfiqlər ABŞ-ın yanında İrana qarşı təcrid siyasətində yer almırlar
“İran ətrafında gərginlik ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəlişindən sonra başlatdığı sərt ritorikanın məntiqi nəticəsidir”.
Bunu “Şərq”ə açıqlamasında politoloq Kamran Sultanlı deyib. Getdikcə gərginləşən ABŞ-İran gərginliyini dəyərləndirən siyasi şərhçinin sözlərinə görə, 2003-cü ildən fərqli olaraq qərbli müttəfiqlər ABŞ-ın yanında İrana qarşı təcrid siyasətində yer almırlar.
Əksinə, Avropa nəhəngləri birbaşa Trampın sanksiya siyasətini və müqavilədən çıxmasını daha çox tənqid edirlər: “Donald Trampın Səudiyyə Ərəbistanı modernist, İranı isə geridə qalmış kimi təqdim etməyə çalışması Türkiyədə öldürülən jurnalist Camal Qaşıqçı olayından sonra fiaskoya uğradı. Almaniya dərhal Səudiyyə Ərəbistanına qarşı sərt ritorikaya qoşuldu.
Avropanın dəstəyindən məhrum qalan Tramp administrasiyası Fars körfəzində istənilən kiçik insidentdən dividend götürməyə çalışır. Böyük Britaniya daima Amerikanın əsas müttəfiqi kimi çıxış edib.
Çünki Britaniyada ABŞ-da olduğu kimi ultra-mühafizəkar şəxslər hakimiyyətdədir. Aqressiya siyasətində Trampdan heç də geri qalmayan ingilis Boris Consonun baş nazir seçilməsi də yaxındır. Vaşinqton hər vəchlə Almaniya və Fransanı da inandırmaq istəyir ki, İran təcrid edilməsi zəruri olan ölkədir.
Ancaq məsələ ondadır ki, Avropa dövlətləri Trampın 2015-ci ildə çıxdığı nüvə müqaviləsində qalsalar da, İrana iqtisadi fayda verə bilmirlər. Onların gündəmə gətirdiyi “İnstex” layihəsi də ciddi effekt vermir.
Avropa şirkətləri Amerika bazarını və maliyyə sisteminə girişi itirməmək üçün məcburi də olsa İran bazarını tərk edirlər.
Bu isə Tehranın vəziyyətinin ağırlaşmasına səbəb olur”.