“Ankara ABŞ-ın yeni münaqişə ocağı yaratmağa can atdığını yaxşı dərk edir”

Türkiyədə ömürlük həbs cəzası çəkən PKK lideri Abdullah Öcalan hökumətə müraciət ünvanlayıb. Terrorçu başı silahlı münaqişəni dayandırmağa hazır olduğunu bəyan edib. Türkiyə rəhbərliyini kürd məsələsinin həllinə çağıran Öcalan kürd məsələsini birgə həll etməyi təklif edib: “Bir həftə ərzində silahlı münaqişəni bitirə bilərik. Mən bunu həll edə bilərəm, mən buna inanıram. Mən nizamlanmaya hazıram. Lakin dövlət də ondan asılı olanı etməlidir”. 

Terrorçunun təklifini “Sherg.az”a dəyərləndirən AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov deyib ki, Öcalan həbsdə olsa da, onun PKK terror təşkilatında nüfuzu qalmaqdadır. 

Öcalan PKK-nın ömürlük lideri hesab olunur. Lakin ekspertin sözlərinə görə, məsələ təkcə Öcalanla bitmir: 



“Bildiyiniz kimi PKK, daha sonra isə PYD və YPG kimi terror təşkilatlarını yaradan, dəstəkləyən və təlimatlandıran xarici dövlətlərdir. Türkiyə iqtidarları zaman-zaman məsələnin həlli üçün terror təşkilatının siyasi qanadı ilə danışıqlar masasına oturub, dialoq qurmağa səy göstəriblər. Lakin hər dəfə bu cəhd ona görə boşa çıxıb ki, xarici güclər buna imkan verməyib.

Sizin də bildiyiniz kimi regionda çox mürəkkəb vəziyyət yaranıb. İllərdir bölgədə gedəm müharibələr, münaqişələr, xaoslar separatçı kürdləri də cürətləndirib. Həm yaranmış mürəkkəb vəziyyətdən, həm də Qərbin hər cür dəstəyindən sui-istifadə edərək özlərinin məkrli və bölücü planlarını həyata keçirməyə həvəsləniblər”. 

Partiya funksioneri bildirib ki, rəsmi Ankara ABŞ-ın regionda yeni qarşıdurma və münaqişə ocağı yaratmağa can atdığını çox yaxşı dərk edir: 

“Bu təhlükə əsasən Türkiyəyə qarşı yönəlib. Baxmayaraq ki, ABŞ Türkiyə ilə həm hərbi, həm də strateji müttəfiqdir, amma pərdə arxasından Ankaranı zəiflətməyə çalışır. Eyni zamanda rəsmi Ankaranın xəbərdarlıqlarına və ciddi etirazlarına məhəl qoyulmur. Ona görə Türkiyə məcburdur ki, özünü terror təhlükəsindən qorusun və sərhədlərinin təhlükəsizliyini təmin etsin.

Mütamadi olaraq terrorçuların nəzarət etdiyi bölgələrindən Türkiyənin sərhədboyu yaşayış məskənləri müxtəlif silahlardan atəşə tutulur. Hesab edirəm ki, “Fərat Qalxanı”, “Zeytun Dalı” kimi uğurlu əməliyyatlar keçirən türk ordusu Fəratın şərqində də müsbət nəticələr əldə edəcək”.