İran İslam Şurası Məclisi (parlament) ABŞ-a qarşı 10 bənddən ibarət plan hazırlayır.
AZƏRTAC xəbər verir ki, bu barədə İran parlamentinin üzvü Əli Əsgər Yusifinecad məlumat verib. O bildirib ki, İran 1953-cü ildə baş vermiş dövlət çevrilişindən sonra Böyük Britaniya və ABŞ-da qalan aktivlərini geri tələb etməlidir. Alınan pullar 1953-cü ildə Tehranda həlak olmuş tələbələrin ailələrinə kompensasiya şəklində verilməlidir. Planda nəzərdə tutulub ki, ABŞ-ı dəstəkləyən ölkələrin media qurumlarının İrandakı büroları ləğv edilsin və jurnalistlər ölkədən çıxarılsın.
Bunlarla yanaşı, iranlı deputat bildirib ki, ABŞ “Hollivud” kinoindustriyası da öz filmlərində İran xalqını təhqir etdiyinə görə beynəlxalq məhkəməyə veriləcək. Planda, həmçinin nəzərdə tutulur ki, İran ABŞ-ın bir sıra yüksək səviyyəli məmuruna sanksiyalar tətbiq etsin.
Ə.Ə.Yusifinecad qeyd edib ki, plan yaxın günlərdə parlamentin müzakirəsinə çıxarılacaq.