Ukrayna Ali Radasının yeni tərkibdə avqustun 29-da keçiriləcək açılış sessiyasının proqramı açıqlanıb.
Yerli vaxtla səhər saat 10:00-da başlanacaq sessiyada deputatların andiçmə mərasimi olacaq. Sonra deputat fraksiyaları və qruplarının yaradılması və qeydə alınması prosesi həyata keçiriləcək. Ali Rada spikerinin hesabatından sonra parlamentə yeni spiker və birinci vitse-spiker seçiləcək. Parlamentdə hakim “Xalqın xidmətçisi” partiyasından bu vəzifələrə Dmitriy Razumkov və Ruslan Stefançukun namizədliyinin irəli sürüləcəyi qeyd olunur. Vitse-spiker vəzifəsinə isə müxalifət fraksiyasından namizədlik irəli sürüləcək.
İlk iclasda yeni hakimiyyətin formalaşdırılması məsələsinə də baxılacağı gözlənilir. Yeni hökumətin formalaşdırılması prosesi sentyabrın 3-ü parlamentin növbəti sessiyasında tam başa çatacaq.