Kosmosda qara dəliyin təsvirini yaradan kollektiv “Elm Oskarı”na layiq görülüb



Dünyanın müxtəlif ölkələrini təmsil edən 300-dək alimdən ibarət kollektiv kosmosda qara dəliyin təsvirini yaratdığına görə “Breakthrough Prize in Fundamental Physics” (Fundamental fizikada irəliləyiş) mükafatına layiq görülüb.

Trend-in məlumatına görə, alimlər arasında “Elm Oskarı” adlandırılan bu mükafatın məbləği 3 milyon dollar təşkil edir.

Alimlər qara dəliyinin təsvirini 2019-cu il aprelin 10-da keçirdikləri mətbuat konfransında təqdim ediblər. Onlar apardıqları tədqiqatları təfsilatı ilə izah etmək üçün “The Astrophysical Journal Letters” jurnalında altı elmi məqalə dərc etdiriblər. Qız bürcünün mərkəzində yerləşən M87 qalaktikasının ortasındakı obyektin fotoşəkilini çəkmək üçün alimlər dörd qitədə olan 87 radioteleskopdan istifadə ediblər.

Bundan başqa, “Elm Oskarı” mükafatı fundamental fizikanın digər nominasiyaları üzrə də təqdim edilib.

“Riyaziyyat üzrə nailiyyətlərə görə” mükafatı amerikalı riyaziyyatçı Aleks Eskinə təqdim olunub. “Tibb sahəsində nailiyyət” nominasiyasının qalibləri isə ABŞ-dan olan genetik Ceffri Fridman, britaniyalı neyrobioloq Men-Yi Li, alman biokimyaçısı Frans-Ulrix Hartl, amerikalı bioloqlar Artur Xorviç və Devid Culius olublar.

Mükafatların təqdimatı mərasimi noyabrın 3-də Kaliforniyada keçiriləcək.