“Türkiyə, Rusiya və İran prezidentlərinin Ankaradakı 5-ci görüşü əvvəlki danışıqlardan fərqli olaraq real nəticə verdi”.
Bunu “Sherg.az”a açıqlamasında politoloq Azər Rəşidoğlu deyib.
Analitik bildirib ki, Suriyanın yeni Konstitusiyasının qəbulu ilə bağlı komissiyanın müəyyən edilməsi kənar dövlətlərin Suriyaya müdaxiləsinin qarşısını ala bilər:
“Ankaranın bu məsələdə razılıq verməsi Dəməşqə qarşı sərt ritorikanın dəyişməsi anlamına gəlir. Türkiyə siyasi dairələrində düşünürlər ki, Əsəd hakimiyyəti ilə barışıq PYD və PKK silahlılarına qarşı müştərək hərbi əməliyyata səbəb ola bilər.
Ankara da anlayır ki, Bəşər Əsəd İran və Rusiyanın dəstəyi ilə hakimiyyətini qoruya biləcək. Suriyada əsas güc mövcud iqtidardır. Ankara Moskva, Tehran və Vaşinqtonun maraqlarının toqquşmasından zərər görür. Odur ki, Dəməşq ilə barışıq Türkiyənin maraqlarına cavab verir. Tehran və Moskva da Ankara-Dəməşq danışıqlarının başlanmasını arzu edir.
Bu məsələdə yeganə etiraz edən qüvvə Amerika Birləşmiş Ştatlarıdır. Bölgədə əsas güc sahibi olan Səudiyyə Ərəbistanı Suriyada bu şəkildə sülhün onun maraqlarına cavab vermədiyini düşünür. Lakin Ər-Riyadda da anlayırlar ki, Suriyadakı böhran və İran prezidenti Ruhaninin Ankara sammitində “Səudiyyəni bir daha bombalaya biləcəyini” bəyan etməsi sıradan bir təhdid deyil.
Bu baxımdan, Rusiya prezidenti Putinin “Səudiyyə Ərəbistanı hava sahəsini qorumaq istəyirsə, İran və Türkiyə kimi Rusiyadan C-300 və C-400 raketləri alsın” mesajı Ər-Riyadın silah aldığı Vaşinqtona bir mesajdır”.
Politoloq vurğulayıb ki, Səudiyyə Ərəbistanı gələcək parçalanmaqdan qorunmaq üçün əslində Suriyadakı məzhəb savaşının tezliklə başa çatmasını arzulamalıdır:
“Bunun üçün Əsəd hakimiyyəti ilə danışıqlara getməkdən başqa yol qalmır. Ankara və Tehran Suriyada əsas söz sahibidir. Son görüşdə Rusiyanın “Konstitusiya komissiyası” təklifini qəbul etməklə Ər-Riyad təkləndiyini anlayır. İdlib şəhəri və Fərat çayının şərq sahili istisna olmaqla Suriyada müharibə artıq bitib. İndi başlıca məsələ İdlibın PYD terrorçularından təmizlənməsi, Vaşinqtonun Fərat çayının şərqini tərk etməsidir.
Artıq bu məsələ də öz həllini tapmaqdadır. Proseslərin belə gedişi Amerikanın Tehrana zərbələr endirməsinə gətirib çıxara bilər. Yəni, Suriyada barışıq əldə edilərsə, onun yerini “İran böhranı” doldura bilər. Belə olan təqdirdə Rusiya və Türkiyənin özünü necə aparacağını təxmin etmək çətindir. “Suriya böhranı”ndan uğurla çıxan Türkiyə və Ankara bu dəfə İranda maraqların bölüşdürülməsi uğrunda savaşa başlaya bilərlər”.
A.Rəşidoğlu vurğulayıb ki, Türkiyə-İran münasibətlərində də müəyyən anlaşılmaz məqamlar mövcuddur:
“Bir çox hallarda tərəflər bir-birinə münasibətdə kəskin bəyanatlar verirlər. Lakin hər iki dövlət fərqindədir ki, dövlətlər arasında münasibətlər nə qədər mürəkkəb olarsa, hər iki tərəf bundan itirmiş olur. Suriya böhranı ilə bağlı məsələdə rəsmi Ankaranın Bəşər Əsəd rejiminə qarşı kəskin mövqeyi ilə rəsmi Tehranın tutduğu mövqe tamamilə fərqli idi.
Ərdoğan Bəşər Əsədin hakimiyyətdən getməsini dəstəkləyirdisə, İran tam əks mövqedən çıxış edirdi. Artıq Ankara da Əsəd hakimiyyətinə qarşı sərt mövqeyini yumşaldır. Xüsusilə də, enerji, təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi barışığı aktual edir”.