Fransanın şimalındakı Lill şəhəri yaxınlığında olan Armentieres qəsəbəsində qara bir panter çaxnaşmaya səbəb olub.
Ölkəyə qeyri-qanuni yollarla daxil olduğu iddia edilən panterin, bir binanın damına dırmaşdığı görünüb.
Yerli media, təxminən 30 kiloqram ağırlığında, 6 aylıq qara panterin binanın nərdivanlarından dama dırmaşaraq bir evə girdiyi və evdə olan bir uşağı qorxutduğu xəbərini yayıb. Panteri yerə endirmək üçün xilasetmə, polis və baytar qrupları səfərbər olub. Təxminən 2 saat davam edən cəhdlərdən sonra sakitləşdirici iynəylə vurulan panter, sağlam bir şəkildə ələ keçirilib. Panterin Asiya və Afrikaya aid bir növ olduğu və Fransaya necə gətirildiyinin araşdırıldığı bildirilir. Heyvan zooparka göndərilib.