Bu iddialar Ağ Ev rəhbərinə qarşı impiçment prosesini başlatmağa yarayır
ABŞ Prezidenti Donald Tramp Ukraynanın 2016-cı il prezident seçkilərinə müdaxilə etməsinə dair sübutlar tapmaq üçün şəxsi vəkili Rudi Culianini Kiyevə göndərib. Bu barədə “The New York Times” qəzeti əldə etdiyi sənədlərə əsasən məlumat yayıb. Qəzetin məlumatına görə, Donald Tramp “sui-qəsd nəzəriyyələrinə o dərəcədə aludə olub ki, hətta keçmiş rəqibi Hillari Klintonun elektron yazışmalarının Ukraynada saxlanıldığına da inanır.
O, bu ilin iyun ayında Prezident Vladimir Zelenski ilə söhbətində həmin məsələyə işarə vurub və Ukrayna tərəfini ABŞ-ın baş prokuroru Uilyam Barrla əməkdaşlıq etməyə çağırıb. Nəşr Ağ Ev sahibinin Ukraynada bəzi güclərin onun seçki qərargahının keçmiş rəhbəri Pol Manafort barəsində kompromat materiallar yaydığına inandığını vurğulayıb. Xatırladaq ki, Donald Trampın telefon söhbətində ukraynalı həmkarına təzyiq göstərməsi ABŞ-da böyük qalmaqala səbəb olub. Hətta prezidentə qarşı Nümayəndələr Palatasında impiçment proseduru üçün hazırlıqlara başlanılıb.
Trampın israrla Ukraynada günahkar axtarmasını “Şərq”ə təhlil edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Ağ Ev rəhbərinin Kiyevin Amerikadakı seçkilərə müdaxiləni araşdırması barədə göstərişi impiçmentdən yayınmağa hesablanıb:
“Trampın Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon söhbətində dövlət sirrini açması barədə iddialar var. Bu iddialar Trampa qarşı Konqresdə impiçment prosesini başlatmağa kifayət edir. Tramp özünü qorumaq və Ukraynaya qarşı daha sərt olduğunu göstərmək üçün siyasi manevr etmək qərarına gəlib. Ancaq Ağ Ev rəhbəri bu manevrlə Zelenski ilə telefon danışığını ört-basdır edə bilməyəcək. Hamı yaxşı bilir ki, Ukrayna heç vaxt ABŞ seçkilərinə müdaxilə edəcək gücdə olmayıb”.