ABŞ prezidentliyinə namizədin ürəyində cərrahiyyə əməliyyatı aparılıb

ABŞ prezidentliyinə namizəd, senator Berni Sanders xəstəxanaya yerləşdirildiyinə görə onun seçkiqabağı kampaniyası çərçivəsindəki bütün tədbirlər ləğv edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 2-də senatorun nümayəndəsi Ceff Uiver bəyanat verib. O bildirib ki, 78 yaşlı Sandersin ürəyində cərrahiyyə əməliyyatı aparılıb. Senator oktyabrın 1-də tədbir zamanı döş qəfəsində narahatlıq hiss edib.

Senatoru müayinə edən həkimlər onun bir arteriyasında tıxanma aşkar ediblər. Həkimlər ona iki stent qoyublar.

Uiver deyib: “Senator söhbət edir, onun əhvalı yaxşıdır. O, bir neçə gün istirahət edəcək. Biz onun görüşlərini və çıxışlarını növbəti bildirişlərə qədər ləğv edirik. Bu məsələ ilə bağlı ictimaiyyəti məlumatlandırmağa davam edəcəyik”.

Berni Sanders 2020-ci ildə Prezident Trampa qalib gəlməyə çalışan ən yaşlı prezidentliyə namizəddir. O, keçmiş vitse-prezident, demokratlar arasında liderlik edən Co Baydendən üç yaş, 73 yaşlı Trampdan beş yaş böyükdür. Trampın özü birinci müddətə prezident seçilənlər arasında ən yaşlı adamdır.