Tramp yenə seçiləcək: Demokratlar impiçimentlə prezidentin reytinqini zəiflətməyə çalışırlar

“ABŞ prezidentinə qarşı impiçment gələn il prezident seçkilərində onun iştirakına zərbə vurmağa hesablanıb”. Bunu Sherg.az-a açıqlamasında Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib.

Analitikin sözlərinə görə, Demokrat Partiyasının nümayəndələr palatasında sayca üstün olması impiçment məsələsinin gündəmdən düşməsinə imkan vermir: 

“Trampla Ukrayna prezidenti Vladimir Zelnskinin telefon danışığı əsasən demokratların namizədi Co Bayden haqqında olub. Demoktatlar bunu əllərində bayraq edərək əks hücuma keçiblər. Hesab edirəm ki, demokratların impiçment proseduru baş tutmayacaq. Sadəcə bununla Trampa zərbə vururlar və reytinqini mümkün qədər aşağı salmağa çalışırlar”.



Politoloqun fikrincə, impiçment proseduru çox çətindir və Senatda Trampın təmsil etdiyi Respublikaçılar ciddi üstünlüyə malikdir: 

“Tramp seçki öncəsi verdiyi vədlərin bir çoxuna əməl edib, iqtisadiyyatı nisbətən inkişaf etdirib. Onun növbəti dəfə hakimiyyətə gəlmək şansı var. Ağ Ev rəhbərinə qarşı bu kampaniya baş tutmayacaq. Amerika “dərin dövləti” prezidentin nüfuzunun aşağı düşməsinə imkan verməyəcək. Çünki, yeni dünya nizamında ABŞ-ın rolu güclənməkdədir”.

Qeyd edək ki, son günlər ABŞ prezidenti Donald Trampın impiçment məsələsi yenidən gündəmə gəlib. Xüsusən, Trampın Ukraynaya təzyiq göstərməsi barədə məlumat yayılandan sonra prezidentin impiçmentini dəstəkləyənlərin sayı çoxalıb. Son rəy sorğusunda respondentlərin 45 faizi Donald Trampın məsuliyyətə cəlb edilməsini tələb edib. Ümumilikdə rəy sorğusunda yaşlı amerikalıların 66 faizi hesab edir ki, əgər dövlət vəzifəsi tutan şəxs siyasi rəqibinə hücum etmək üçün xarici ölkənin hökumətini cəlb edirsə, həmin şəxs mütləq vəzifəsindən kənarlaşdırılmalıdır.