İraqdakı etirazlar: Bu hadisələrdə Ağ Evin müstəsna “xidmətləri” var

Bir həftədir İraqın paytaxtı Bağdadda işsizlik, rüşvətxorluq və artan kasıblıq səbəbi ilə başlanan genişmiqyaslı etirazlar nəzarətdən çıxıb. Bağdadda başlanan hakimiyətə qarşı etirazlar tez zamanda ölkənin digər bölgələrinə yayılaraq, mühüm şəhərlərə də sirayət edib. İraqın baş naziri Adil Əbdülmehti etirazların qarşısını almağa çalışsa da, aksiyalar daha da genişlənərək sünni-şiə qarşıdurmasına çevrilib. Ekspertlər sosial narazılığın dini cəhətdən vüsət almasının olduqca təhlükəli tendensiya olduğunu bəyan ediblər. Onların fikrincə, müəyyən dairələr sünni-şiə davasını qəsdən körükləyirlər. 
 
Mövzunu “Şərq”ə dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Turan Rzayev deyib ki, əslində çoxları İraqdakı etirazların sadə etiraz dalğası olduğunu düşünə bilər. Əslində hadisələr ilk başda sadə görünsə də, getdikcə fərqli məcralara sürüklənməkdədir: “İraqda baş verən etirazlar və sünni-şiə qarşıdurmasının arxasında ABŞ amili durur. Heç kəsə sirr deyil ki, Yaxın Şərqdə baş verən hadisələrin istiqamətlənməsində Ağ Evin müstəsna “xidmətləri” var. İraqdakı etirazların isə bir çox pərdəarxası məqamları var. Bir neçə müddətdir davam edən Səudiyyə Ərəbistanı və İran arasındakı siyasi qarşıdurma Yaxın Şərqin real yeni muharibəsinə çevrilə bilər. İranın dəstəklədiyi Husilərin Səudiyyə Ərəbistanının cənubundakı neft yataqlarına endirdiyi zərbələr rəsmən regionda yeni muharibədən xəbər verir”. 

Analitik vurğulayıb ki, Amerika İraq və Əfqanıstana etdiyi müdaxilələrin ağır nəticələrini unutmadığı üçün İranla birbaşa deyil, Yaxın Şərqdəki müttəfiqi - Səudiyə Ərəbistanı üzərindən savaşır: 

“Məlumdur ki, İran tərəfi Səudiyyə Ərəbistanına qarşı İraqdakı şiə “Həşdi Şabi” qruplaşmasını dəstəkləyir. Elə bunun özü göstərir ki, İraqda baş verən etirazların sünni-şiə müstəvisinə keçməsi Vaşinqtonun planları əsasında baş verir. Əslində məqsəd baş verə biləcək Səudiyyə Ərəbistanı-İran müharibəsində Tehranı zəiflətməkdir. Ər-Riyad İraqda sünnilərə dəstək verdikcə, Tehran israrla Yaxın Şərqdəki şiələri dəstəkləyəcək. Məhz bu amil iki ölkəni üz-üzə qoymağa və İranı neytrallaşdırmağa kifayət edəcək”.