Paşinyana qarşı narazılıq artır: Vaxtilə ona dəstək verən siyasi qüvvələr də indi üz döndəriblər

“Avqust ayından etibarən Ermənistanda siyasi müxalifətin Nikol Paşinyana qarşı təşkilatlanmasını müşahidə edirik”. Bunu Sherg.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.

Politoloq bildirib ki, sabiq prezident Robert Koçaryan həbxsanadan bildirmişdi ki, onlar tezliklə Paşinyana qarşı təşkilatlanmağa başlayacaqlar: 

“Serj Sarkisyan da “Qarabağ klanı”nın öndə olan nümayəndəsidir. Müəyyən geosiyasi qüvvələr Ermənistanda “Qarabağ klanı”nın yenidən hakimiyyətə qayıtmasında maraqlıdır. Məsələ ondadır ki, Paşinyanın hakimiyyətə gəldiyi ilk dövrlərdə xalq bir müddət eyforiyada idi. Ona görə də müxalifət passiv vəziyyətdə qalmışdı. Ancaq ölkədə hökumətdən və baş nazirdən narazılıq artıqca, müxalif qüvvələr siyasi fəaliyyətini gücləndirib. Parlamentdəki müxalif partiyalar oyanış dövrünü yaşayırlar. Vaxtilə Paşinyana dəstək verən siyasi qüvvələr də baş nazirdən üz döndəriblər”. 

Z.Məmmədov hesab edir ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, hökumət şovinist və işğalçı siyasət yeritməkdə davam edəcək: 

“Təəssüflər olsun ki, Ermənistanın başında dayanan demək olar ki, bütün siyasi rəhbərlər Dağlıq Qarabağ münaqişənin nizamlanmasına əngəl olublar. Ona görə də Prezident İlham Əliyevin Soçidə, “Valday” forumundakı çıxışı İrəvan hökuməti tərəfindən çox diqqətlə analiz edilməlidir və düzgün nəticə çıxarılmalıdır”.