Cənubi Koreya Prezidentinin anası 92 yaşında vəfat edib


Cənubi Koreyanın Prezidenti Mun Ce-inin anası Kanq Han-ok uzun sürən xəstəlikdən 92 yaşında vəfat edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident Ofisi məlumat yayıb. Xanım Kanq Han-ok Busan şəhərindəki xəstəxanada dünyasını dəyişib.

Bildirilir ki, Cənubi Koreya dövlət başçısının anası bir neçə il idi xəstəlikdən əziyyət çəkirdi. Xəstəliyi son günlər xeyli ağırlaşan xanım Kanq Han-ok həkim nəzarətində idi. Məlumata əsasən, Mun Ce-in anasının dəfn mərasimini onun vəsiyyətinə uyğun olaraq sadə şəkildə keçirməyi planlaşdırıb.

Qeyd edək ki, Prezident Mun Ce-inin valideynləri hazırda Şimali Koreyaya aid olan Hınnam şəhərində doğulublar. Onlar 1950-ci ildə qaçqın kimi cənuba keçiblər. Dövlət başçısının atası 1978-ci ildə vəfat edib.