Rusiyanın yeni seçki taktikası: “Kiçik”lər buraxılır...

Rusiya Prezident Administrasiyasında 2021-ci ildə keçiriləcək parlament seçkisinə çoxlu sayda kiçik partiyalar buraxmaq ideyası müzakirə edilir.

Axar.az xəbər verir ki, bu məlumatı “Vedomosti” qəzeti yayıb.

“Onlar 5%-lik baryeri keçməyəcəklər, parlamentə daxil olmayacaqlar və nəticədə onların səsi Dumaya daxil olacaq partiyalara keçəcək. Bu təşəbbüs Prezident Administrasiyasının Dövlət Şurasının Fəaliyyətinin Təminatı Departamentinin rəhbəri Aleksandr Xariçevin keçirdiyi iclaslarda müzakirə edilir. Bunun vasitəsilə Vahid Rusiya Partiyasının üstünlüyünü təmin etmək mümkündür. Belə ki, partiya 35-40% səs toplaya bilər, amma yerdə qalan səslərin bölüşdürülməsi hesabına əlavə mandatlar əldə edəcək”, – deyə qəzet bildirib.

Qəzet həmçinin yazıb ki, hakimiyyət kiçik partiyalara səslərin toplanmasında yardım edə bilər. Bu partiyaların hər birinin seçkidə 1-2% səs toplayacağı qeyd olunub. Bununla belə, Aleksey Navalnı və Dmitri Qudkovun tərəfdarlarının seçkiyə buraxılması nəzərdə tutulmayıb.